AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Əlövsət İbrahimovun “Naxçıvan Muxtar Respublikası şəraitində Balbas cinsli qoyunların məhsuldarlığına selenin təsiri” adlı monoqrafiyası işıq üzü görüb.
Uzun illər ərzində aparılan tədqiqat işləri nəticəsində ərsəyə gəlmiş nəşrdə muxtar respublika heyvandarlığında xüsusi yer tutan Balbas cinsli qoyunların selen mikroelementinə tələbatı, onun heyvanların məhsuldarlığına və qoyunların balavermə qabiliyyətinə müsbət təsiri öz əksini tapıb. Muxtar respublika şəraitində Balbas cinsli qoyunların selen mikroelementinə tələbatının tam ödənilmədiyini sübuta yetirən müəllif hesab edir ki, qoyunların həmin mikroelementlə təmin edilməməsi qoyunçuluq təsərrüfatlarında iqtisadi səmərəliliyin xeyli aşağı düşməsinə, habelə yem israfçılığına və daha çox zəhmətə səbəb olur.
Araşdırmalar zamanı problemin həlli məqsədi ilə Ə.İbrahimov tərəfindən müxtəlif yaş qruplarına görə seçilmiş heyvanların yem rasionuna natrium selenit duzu əlavə edilmiş, çoxsaylı təcrübələrlə selenin heyvanların diri çəki artımına, ətinin keyfiyyətinə, yun məhsuldarlığına və döllənmə hallarına daha optimal təsir göstərən normaları müəyyənləşdirilmişdir. Duzun heyvan qrupları üçün müəyyən edilmiş münasib dozaları haqqında məlumatlar monoqrafiyada aydın şəkildə şərh edilmişdir. Tədqiqatlar zamanı heyvanların fizioloji vəziyyəti, daxili orqanlarının xüsusi çəkisi ilə bağlı qeydlər götürülmüş, qanının kliniki müayinəsi aparılaraq qandakı hemoqlobinin miqdarı, eritrositlərin və leykositlərin sayı ölçülmüşdür. Araşdırmalar sayəsində sübuta yetirilib ki, selenlə müntəzəm təmin edilmiş heyvanlarda daha üstün nəticələr alınır.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən, yeni və maraqlı elmi məlumatlarla zəngin monoqrafiya sahə mütəxəssisləri, heyvan fiziologiyası üzrə tədqiqat aparan elmi işçilər, iri təsərrüfat sahibləri, o cümlədən bioloqlar üçün nəzərdə tutulmuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür