Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı muxtar respublikaya göstərilən diqqətin təzahürü olmaqla bərabər, həm də 100 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi inkişaf yolunun daha geniş öyrənilməsinə şərait yaratmışdır.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” adlı yeni monoqrafiyası işıq üzü görüb.
Monoqrafiya Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə ithaf olunub. Əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Qasım Hacıyev, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, tarix elmləri doktoru, professor Oktay Sultanov və tarix elmləri doktoru, dosent Fəxrəddin Cəfərovdur. İrihəcmli monoqrafiya “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda çapdan çıxıb.
Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixinin xronoloji ardıcıllıqla işlənildiyi əsər “Giriş”, 7 fəsil, “Nəticə”, “Ədəbiyyat”, “Şəxsi adlar göstəricisi”, “Coğrafi adlar göstəricisi” və “Əlavələr”dən ibarətdir.
Əsərin girişində Naxçıvan diyarının Azərbaycan tarixindəki özünəməxsus rolu, muxtariyyətin qazanılması ərəfəsində və sonrakı dövrdə mövcud vəziyyət qısa şərh olunur, bölgədə cərəyan edən mühüm ictimai-siyasi hadisələrə ümumi nəzər yetirilir. Muxtariyyət tarixini araşdıran tədqiqatçılar, öyrənilən problemlər qeyd olunur. Vurğulanır ki, monoqrafiyanın yazılmasında əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamdan irəli gələn vəzifələrə uyğun yeni bir monoqrafiyanın hazırlanması olmuşdur. Çünki Naxçıvan diyarının muxtariyyət statusu əldə etməsi və bu əsasda muxtar respublikanın yaradılması Azərbaycan dövlətçiliyi tarixində, Azərbaycanın tərkibində tarixi əhəmiyyətə malik şərəfli yol keçməsi ilə bağlıdır.
Monoqrafiyanın ilk fəsli “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə” adlanır. Fəslin əhatə etdiyi 5 yarımfəsil Naxçıvan əhalisinin Azərbaycanda dövlətin bərpası uğrunda mübarizəsindən, bölgənin Xalq Cümhuriyyəti ilə əlaqələrindən, Türkiyənin Naxçıvana siyasi-hərbi yardımından, İngiltərə və ABŞ-nin Naxçıvanla bağlı yürütdükləri ikili siyasətdən, həmçinin ermənilərin Naxçıvana qarşı irəli sürdükləri ərazi iddiaları və törətdikləri soyqırımı siyasətindən bəhs edir.
“Araz-Türk Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu” başlıqlı ikinci fəsildə 1918-ci ilin payızında bölgədə hökm sürən vəziyyət nəzərə alınaraq regionda yeni bir dövlət strukturunun yaradılması məsələsinin gündəmə gəlməsindən, Araz-Türk Respublikasının fəaliyyətindən, bölgədəki vəziyyətdən yararlanaraq torpaqlarımız hesabına “ərazilərini” genişləndirmək arzusunda olan daşnaklara qarşı mübarizəsindən bəhs olunur. Müəllif burada Araz-Türk Cümhuriyyəti ilə bağlı təhrifə uğramış, yaxud tarix elmi üçün müəmməlı bəzi məsələlərə aydınlıq gətirir.
Monoqrafiyanın üçüncü fəsli “Naxçıvanda Sovet hakimiyyətinin qurulması, muxtariyyət statusu və Naxçıvan MSSR-in təşkili” mövzusunu əhatə edir. Bölgədə Sovet idarəçiliyinin tətbiqindən başlayaraq Naxçıvanın Azərbaycanın tərkibində qorunub saxlanması üçün görülən işlər, Moskva və Qars beynəlxalq müqavilələrinin bağlanması, Naxçıvan MSSR-in təşkili və Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu məsələləri qeyd etdiyimiz fəsildə geniş tədqiq olunub.
“Naxçıvan MSSR XX əsrin 20-30-cu illərində” adlanan dördüncü fəsil sovet hökumətinin tətbiq etdiyi məcburi kollektivləşdirmə siyasətindən, sonrakı illərdə sənayedə qeyd alınan bərpa və inkişafdan bəhs edir. Əhalinin mənafeyinə zidd qərarların qəbul olunmasının səbəb olduğu narazılıqların böyüyərək üsyana çevrilməsi, əhaliyə qarşı aparılan repressiya siyasəti tədqiqata cəlb olunub.
Əsərin növbəti iki fəsli müvafiq olaraq “Naxçıvan Muxtar Respublikası 1941-1945-ci illər müharibəsi dövründə” və “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı (1946-1990)” adlanır. Burada hər zaman mübarizliyi ilə fərqlənən naxçıvanlıların 1941-1945-ci illərdə müharibənin ən qızğın cəbhələrində, habelə arxa cəbhədəki fəaliyyəti diqqətə çatdırılır. Müharibədən sonrakı dövrdən 1990-cı ilə qədər muxtar respublikanın ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı əsaslı təhlil olunur, əldə olunan uğurlar nəzərdən keçirilir.
Muxtar respublikanın müstəqilliyimizin bərpası ərəfəsindəki durumunun və günümüzədək inkişafının araşdırıldığı sonuncu fəsil “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1990-2024)” başlığı daşıyır. İsmayıl Hacıyev 1990-1993-cü illəri Naxçıvan tarixində Heydər Əliyev dövrü adlandırır. Nəinki Naxçıvan, bütövlükdə Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən həmin dövrdə Ulu Öndərin işğal olunmaq təhlükəsi ilə üzləşən bölgənin müdafiəsi, əhalinin aclıq və səfalətdən xilası üçün gördüyü işlər diqqətə çatdırılır. Burada muxtar respublikanın əsası Ümummilli Lider tərəfindən qoyulmuş inkişafı dövrü hərtərəfli öyrənilir.
Əsərin “Nəticə”sində sistemli araşdırılan məsələlər, aparılan təhlillər ümumiləşdirilir. Monoqrafiyanın ərsəyə gəlməsində 250-ə yaxın Azərbaycan, türk, ingilis, rus dillərində elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə olunub.
Tədqiqat əsərində işlənən şəxs adlarının və coğrafi adların əlifba sırası ilə monoqrafiyanın sonuna əlavə olunması kitabda adlara əsasən axtarış aparmağı, müəyyən məsələləri təhlil etməyi asanlaşdırır.
Əsərdəki “Əlavələr” bölməsində Moskva və Qars müqavilələrinin Naxçıvana aid olan maddə və əlavələri, Naxçıvanın idarəsi ilə bağlı qəbul olunan qətnamələr, iclas protokalları, mühüm dövlət qərarları, həmçinin muxtar respublikanın 25, 40, 50, 60, 75, 80, 85, 90 və 100 illik yubileylərinin qeyd edilməsi haqqında qərar və sərəncamlar verilib. Yanaşı olaraq Naxçıvan Araz-Türk Respublikasının, eləcə də muxtar respublikanın Moskva və Qars müqavilələri ilə təsbit olunmuş, həmçinin müasir dövrdəki ərazi xəritələri, muxtariyyətin qazanılmasında və formalaşmasında böyük xidmətləri olmuş şəxsiyyətlərin fotoşəkilləri monoqrafiyaya daxil edilib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib