AMEA Naxçıvan Bölməsi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır


29.12.2024 / 14:15Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin və Bakı-Qroznu istiqamətində uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.

Bölmə rəhbəri çıxışında Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qəbul etdiyi qərarı xalqın birliyinə, milli həmrəyliyimizə hesablanmış mühüm tarixi hadisə adlandırıb. Sonradan bu bayramın bütün ölkə ərazisində və dünya azərbaycanlıları tərəfindən geniş qeyd olunduğunu deyən akademik xarici ölkələrdəki diaspor təşkilatlarımızın, icmaların səfirlik və konsulluqlarımızla əlaqəli fəaliyyətindən söz açıb, mövzu ilə əlaqədar bir sıra nüansları diqqətə çatdırıb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov tədbirdə “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü” mövzusunda məruzə edib.

Alim əvvəlcə Həmrəylik Gününün mənəvi dəyərindən danışıb, bu əlamətdar günün tarixinə nəzər salıb. “Sərhəd hərəkatı”nın tariximizdəki yerindən, ölkədə doğurduğu böyük rezonansdan  söz açan məruzəçi bildirib ki, məhz Heydər Əliyev həmin hərəkata siyasi qiymət vermiş, onu düzgün istiqamətləndirmişdir.

“Dünya azərbaycanlılarının birliyinin tanınması, müxtəlif ölkələrdə diasporumuzun formalaşması Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır”, - deyən alim dünyanın dörd bir tərəfində azərbaycanlıların birliyinin möhkəmləndirilməsi, əlaqələrin gücləndirilməsi məqsədilə görülən işləri sadalayıb. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə həmrəylik fəaliyyətinin yeni mərhələyə qədəm qoyduğunu söyləyib. Alim 2001-ci ildən başlayaraq keçirilən beş qurultayın nəticələrini ayrı-ayrılıqda təhlil edib.

Vurğulanıb ki, təkcə 2022-ci ilin aprel ayında Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında – Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmiş, qurultay öz gözlənilən nəticəsini vermişdir.

Yaşar Rəhimov bildirib ki, bu gün vətəndən kənarda yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsində, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələnin başlandığını əminliklə söyləyə bilərik. Bugünkü müstəqil Azərbaycan Respublikası dünyanın ən müxtəlif yerlərində yaşayan azərbaycanlıların ümid və güvənc yeridir. Bu isə uzaqgörən Heydər Əliyev ideyalarının layiqli və uğurlu davamının nəticəsidir.

Sonda yekun nitqi söyləyən akademik İsmayıl Hacıyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə kollektivi təbrik edib, xoş arzularını dilə gətirib.