AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin müəllifi olduğu yeni monoqrafiya işıq üzü görüb. “Qədim Naxçıvan-Naxər ölkəsi türklərinin mifoloji inancları və bu miflərin yayım arealı” (I cild) adlı monoqrafiya AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa təqdim olunub.
Monoqrafiyanın tarix elmləri üzrə məsləhətçisi akademik İsmayıl Hacıyev, elmi məsləhətçisi professor Muxtar İmanov, elmi redaktoru professor Akif İmanlı, rəyçisi isə professor Adil Babayevdir.
Əsər akademik İsmayıl Hacıyevin monoqrafiyaya yazdığı “Qədim Naxçıvan tayfaları və onların inanclarına dair qiymətli monoqrafiya” başlıqlı ön sözlə başlayır. Burada monoqrafiyanın tədqiqat mövzusu geniş şərh olunur, əsəri səciyyələndirən əsas cəhətlər diqqətə çatdırılır.
Filologiya elmləri doktoru, professor Adil Babayevin “Ulu əcdadlarımızın mifoloji inancları, onların dünya xalqlarına təsirini izləyən əsər” adlı elmi rəyində isə müəllifin araşdırmalarında ortaya qoyduğu əsl tədqiqatçılıq bacarığı və milli təəssübkeşlik hissi yüksək qiymətləndirilir.
359 səhifədən ibarət əsər “Giriş”, üç fəsil, “Nəticə”, “Mənbə və ədəbiyyat siyahısı”ndan ibarətdir.
İlk fəsil “Mifologiya. Naxçıvan paleotoponimlərində qədim türk miflərinin izləri” başlığı daşıyır. Üç yarımfəsildən ibarət fəsildə mifologiyaya dair baxışlar və mifoloji paleotoponimlərin tədqiqi istiqamətləri nəzərdən keçirilir, ibtidai insanların inanc və təfəkküründə baş verən təbiət hadisələri, iqlim dəyişiklikləri, kainat, eləcə də fövqəltəbii qüvvələrin mövcudluğu ilə bağlı mifik inancların formalaşmasından bəhs olunur. Müəllif qədim yazılarda ümumtürk mifik inanclarla yanaşı, Naxçıvan ərazisindəki oykonimlərdə qeydə alınmış əski Türk adlarına olan inanc əlamətlərini əsas tədqiqat obyekti kimi müəyyənləşdirir. Burada Naxçıvanın qədim türk yurdu olması, türk miflərinin vətəni olması fikri aşılanır, bölgədəki prototürk tayfa adlarının yaranmasında qədim türk mifoloji inanclarının rolundan bəhs olunur. Naxçıvan ərazisində Azərbaycan türk tayfalarının m.ö. VIII-IV minilliklərə aid mifik inancları, bu inancların yayılma arealı, əski salnamələrdəki yeri ətraflı tədqiq olunur.
Monoqrafiyanın ikinci fəsli “Qədim Naxçıvan ərazisi tayfalarının m.ö. VIII-VI minilliklərə aid türk tanrı adları və inancları” adlanır. Qeyd etdiyimiz fəsildə Naxçıvan ərazisindəki As, Türükkü, Kassi, Lulubi, Hürrü, Naxər, Kuti, Şu, Subər, Koman, Doray prototürkləri ilə bağlı inanclar, onların ərazi toponimlərində izləri məsələsi araşdırılır.
Burada qədim Naxçıvan tayfalarının inanclarındakı tanrı, ilahə adlarının inanc amilləri, onların təxəyyülündəki çoxallahlılığın formaları mifologiyaya dair əsərlər əsasında araşdırılır.Ərazi toponimik sistemində həmin tanrı adlarının e.ə. VIII-IV minilliklərlə bağlılığı tarixi faktlar və türk sözlükləri əsasında izah edilir. Tarixi dövrü də nəzərə alan müəllif Firudin Rzayev Naxçıvan bölgəsindəki tayfa miflərinin buradan Mesopotamiya, Yunan, Şumer, Elam, Hett, Axxiyava dövlətlərinə və ümumtürk arealına yayıldığı qənaətindədir.
“Naxçıvan toponimlərində m.ö. V-IV minilliklərlə bağlı qədim türk mifləri” adlanan sonuncu fəsildə isə Tal, Tus, Turdi, Pal, Kəngər, Maq, Sak, Yaycı prototürkləri ilə bağlı mifoloji inanclar, onların ərazi toponimlərindəki izləri elmi problem kimi müəyyənləşdirilmiş, maraqlı tədqiqat əsəri ərsəyə gəlmişdir.
Burada miflərə dair sovet dövrü ensiklopedik ədəbiyyatlarda qədim türk miflərinin yunan, erməni, yaxud farslara məxsusluğu məsələsi tarixi faktlarla təkzib edilir, onların qədim türk mifologiyasına aidliyi sübuta yetirilir, mifin yayılma arealı və toponimik adlarda izləri geniş araşdırılır.
Kitabın sonuna tədqiqatın Azərbaycan və rus dillərində nəticəsi, həmçinin istifadə olunmuş mənbələrdən ibarət ədəbiyyat siyahısı əlavə olunub.
Monoqrafiyanın ərsəyə gəlməsində 200-ə yaxın mənbədən istifadə olunub. Əsər mifologiyaya dair elmi tədqiqatla məşğul olan tədqiqatçılar, digər elm sahələri nümayəndələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib