AMEA Naxçıvan Bölməsi

Sağlamlığına dəyər verənlər üçün stolüstü kitab


23.04.2021 / 14:05Yeni nəşrlər



AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun İnnovasiya və elmi istehsalat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun həmmüəllifliyi ilə “Qaraciyər və öd yolları xəstəliklərinin müalicəsində istifadə edilən şəfalı bitkilər” kitabı nəşr olunub.

Kitab ön söz, üç fəsil və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Əsərin birinci fəsli qaraciyər və öd yolları xəstəliklərinin öyrənilmə tarixindən, bu xəstəliklərin nəzərəçarpan ilkin simptomlarından bəhs edir. Burada qaraciyərin sağlamlığı üçün faydalı qida və bitkilər, orqanizmdə baş qaldıran bir sıra problemlərin səbəbləri, hepatit xəstəliyi, onun statistikası ilə bağlı məlumat verilir, narahatlıq doğuran suallara cavab axtarılır.

“Şəfalı bitkilərin qaraciyər və öd yolları xəstəliklərində istifadəsi” adlı ikinci fəsildə itburnu, qara qarağat, meşə çiyələyi, qarğıdalı, acı yovşan, dərman rozmarini, çöl keşnişi və başqa bitkilərin botaniki xarakteristikası, müxtəlif həzm sistemi xəstəliklərinin müalicəsində tətbiqi ilə bağlı məlumatlar yer alıb.

Kitabın sonuncu fəslində isə qaraciyər, öd yolları, öd daşı və pankreatit xəsəliklərinin şəfalı bitkilərlə müalicəsi üçün 9 bitki qarışığının hazırlanma və istifadə qaydası oxuculara təqdim edilir. Cədvəllərdə anlaşıqlı şəkildə təqdim edilən qarışıqlarda istifadə olunan bitkilərin adları Azərbaycan və latın dillərində verilib.

Olduqca sadə və axıcı təhlillərlə ərsəyə gətirilmiş kitab həyatı sevən, sağlamlığını təbii üsullarla qorumağa çalışan hər kəsin stolüstü kitabı ola bilər.