AMEA Naxçıvan Bölməsi

Ordubad folklor mühitindən bəhs edən monoqrafiya nəşr olunub


09.03.2021 / 11:15Yeni nəşrlər



AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Ordubad folklor mühitinin regional xüsusiyyətləri” adlı monoqrafiyası çap olunub.

Kitab giriş, dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyanın əvvəlində nəşrin elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlinin “Ordubad mühitinə dair mükəmməl elmi-tədqiqat işi” başlıqlı ön sözü yer alıb.

Naxçıvanın Ordubad bölgəsinin folklor mühiti və ona xas xüsusiyyətlərdən bəhs edən əsərdə Ordubad ərazisindən toplanmış folklor örnəkləri elmi-nəzəri tədqiqata cəlb olunmuş, həmin folklor nümunələri həm ümumtürk folkloru kontekstində, həm də Azərbaycanın digər regionlarına məxsus örnəklərlə müqayisəli şəkildə öyrənilmişdir. Monoqrafiyanın əsas obyekti Ordubad folklor mühitinin poetik özünəməxsusluğu, buradakı janrların səciyyəvi xüsusiyyətləri, həmçinin regionun xalq yaradıcılığı ənənəsindən irəli gələn cəhətlərin üzə çıxarılmasından ibarətdir.

Nəşrin birinci fəslində Ordubad folklor arealının özünəməxsusuluğu nəzərdən keçirilmiş, bölgənin tarixi-etnoqrafik və coğrafi özəlliyi, təsərrüfat və məişət həyatı araşdırılmış, folklor nümunələrinin yaranmasında rolu araşdırılmışdır. Növbəti fəsillərdə arxaik folklor janrları kontekstində mifoloji  inanc və obrazlarla bağlı qədim təsəvvürlər, arxaik folklor nümunələrinin janr özəllikləri, mövsüm və mərasim ritualları ilə bağlı örnəklərin mənşəyi, onların regional xüsusiyyətləri tədqiq olunmuş, epik və lirik folklor nümunələri, janr xüsusiyyətləri, eləcə də aşıq yaradıcılığında əksini tapmış folklor örnəkləri öyrənilmişdir.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görmüş monoqrafiyanın rəyçiləri AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, professor Məhərrəm Qasımlı, dosent Rza Xəlilov və dosent Elxan Məmmədovdur. Əsərin ərsəyə gəlməsində Azərbaycan, türk və rus dillərində 196 elmi mənbəyə istinad olunmuşdur.

Region folklorumuzun öyrənilməsi üçün olduqca əhəmiyyətli olan “Ordubad folklor mühitinin regional xüsusiyyətləri”  folklorşünaslar və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.