Naxçıvanın Neolit mədəniyyətiadlı monoqrafiya nəşr olunub
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Naxçıvanın Neolit mədəniyyəti” adlı monoqrafiyası işıq üzü görüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən nəşr olunan monoqrafiyada ilk dəfə olaraq Naxçıvan ərazisində Neolit mədəniyyətinin özünəməxsus xüsusiyyətləri və mənşəyi təhlil olunub.
Əsərdə Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən 2013-2018-ci illərdə I Kültəpə yaşayış yerində aparılan qazıntılar zamanı aşkar olunan çoxsaylı materiallarla 1951-1964-cü illərdə aşkar edilmiş arxeoloji materiallar kompleks halda tədqiqata cəlb edilib. Monoqrafiyada Naxçıvan ərazisindəki Neolit dövrü abidələrinin qalıqları, evlərin quruluşu, ocaq tipləri, qəbir abidələri, əmək alətləri, silahlar, keramika məmulatlarının özünəməxsus xüsusiyyətləri haqqında məlumatlar öz əksini tapmışdır. Neolit dövründə mövcud olan iqtisadi və mədəni əlaqələr, təsərrüfat həyatı ilə bağlı məsələlər araşdırılmış, Kültəpə mədəniyyətinin Cənubi Qafqaz, Urmiya hövzəsi və Mesopotamiyanın qədim mədəniyyətləri ilə qarşılıqlı mədəni əlaqələri müəyyənləşdirilmişdir. Aparılan müqayisəli təhlillər əsasında Kültəpə yaşayış yerinin Cənubi Qafqazda formalaşmış Neolit mədəniyyətinin əsas ocaqlarında biri olduğu, həmçinin Azərbaycanın Mezolit mədəniyyəti ilə bağlı olduğu və yerli zəmində formalaşdığı qeyd olunmuşdur.
Giriş, beş fəsil, nəticə, ədəbiyyat və illüstrasiyalardan ibarət monoqrafiya “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda çap olunub. Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, rəyçiləri isə tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlidir.
Kitabın “İllüstrasiyalar” adlı hissəsində Naxçıvanın Neolit dövrü abidələrinin yerləşdiyi ərazilərin xəritəsi verilmiş, arxeoloji qazıntılar zamanı aşkar edilmiş bəzi maddi mədəniyyət nümunələrinin fotoşəkilləri oxuculara təqdim edilmişdir. Əsərin ərsəyə gəlməsində Azərbaycan, türk, rus, ingilis dillərində olan 130 elmi mənbə ilə yanaşı, internet resurslarından da istifadə olunub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür