Ədəbi-bədii dil və dilçilik araşdırmalarıseriyasının III cildi işıq üzü görüb
Biz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, torpaqlarımız, ərazimiz cürbəcür şahlıqların, sultanlıqların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilimiz ölməyib, yaşayıb. Onu xalq yaşadıbdır.
Ümummilli lider Heydər Əliyev
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı üçcildliyinin sonuncu cildi nəşrdən çıxıb.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə ithaf olunan kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi redaktorluğu, dosentlər Firudin Rzayev və Aytən Cəfərovanın rəyləri əsasında çap olunub.
Azərbaycan dilinin və dilçiliyinin aktual mövzularını özündə ehtiva edən kitab “Heydər Əliyev və Azərbaycan dili məsələləri” adlı ön söz xarakterli baş məqalə ilə başlayır. Burada Ulu Öndərin siyasi-ideoloji fəaliyyətində dil siyasətinin yerindən, ana dilimizin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Heydər Əliyevin müstəsna rolundan bəhs olunur. Kompleks şəkildə həyata keçirilən dil siyasətinin mahiyyəti, imzalanan mühüm dövlət sənədləri, əldə olunan uğurlar diqqətə çatdırılır.
Kitab iki bölmədən ibarətdir. İlk bölmə “Ədəbi dil və bədii düşüncə” adlanır. Burada daim elmi axtarışda olan və bunu uğurla reallaşdıran alimin ədəbiyyatımızın seçilən simalarından Mahirə Hüseynova, Cəfər Cəfərov, Hüseyn Razi, Kəmalə Ağayeva, Alməmməd Eldaroğlu və Qafar Qərib yaradıcılığının dil-üslub xüsusiyyətlərinin geniş təhlil olunduğu məqalələri yer alıb.
“Dilçilik elmimiz: ustadlar və yeni nəsillər” adlı ikinci bölmədə isə Azərbaycan dilçilik elminə adını böyük hərflərlə yazdıran dilçi alimlərimizlə yanaşı, bu irsə töhfələr verən yeni nəsil dilçilərin elmi yaradıcılıq yoluna nəzər yetirilib.
Kitabdakı məqalələrin ərsəyə gəlməsində ümumilikdə 150-ə yaxın mənbədən istifadə olunub.
Qeyd edək ki, “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” üçcildliyinin I, II cildləri müvafiq olaraq 2020 və 2022-ci illərdə çap olunub. Əsər ali məktəblərin filologiya fakültələrində bir sıra əsas və seçmə fənlərin, Azərbaycan ədəbi dili, dilçilik tarixinin tədrisində faydalı mənbədir.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib