AMEA Naxçıvan Bölməsi

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına xidmət edən kitab


16.11.2023 / 12:17Yeni nəşrlər



AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın Qərbi Azərbaycanla bağlı yeni kitabı işıq üzü görüb. “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” adlanan kitabı müəllif Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf edib.

Kitab nəfis tərtibatda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunub. Nəşrin elmi redaktoru və ön sözün müəllifi Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, rəyçiləri isə filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, filologiya elmləri doktoru, professor İbrahim Bayramov və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıldır.

Kitabın əvvəlində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsasını ehtiva edən fikirləri yer alıb.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli kitaba yazdığı “Qərbi Azərbaycana qayıdış ideyası bədiilikdən həqiqətə” başlıqlı ön sözdə Azərbaycanın qədim tarixə malik qərb bölgəsinin məkrli siyasət nəticəsində qoparılması, ermənilərin xalqın və milli yaddaşın məhvinə yönəlik siyasəti, buna rəğmən xalqımızın sahib olduğu milli dəyərlər sistemini qoruyub-yaşatması məsələsinə toxunur. Folklorşünas Aytən Cəfərovanın hazırladığı yeni kitabın aktuallığını qeyd edən alim əsəri Qərbi Azərbaycana qayıdış uğrunda ümumxalq mübarizəsinin tərkib hissəsi adlandırır.

Kitab 3 bölmədən ibarətdir. “Xalq yaradıcılığında və xatirələrdə yaşayan etno-milli tarix” adlanan birinci bölmədə müəllif Qərbi Azərbaycan folkloruna ümumi nəzər salır, ermənilərin ötən əsrin əvvəllərindən başlayaraq xalq mahnılarımızı mənimsəməsi, ənənəvi erməni oğurluğu və Zəngəzur bayatılarında yaşadılan milli-etnik tarixi yaddaş məsələsinə diqqət çəkir.

Aytən Cəfərova həm də Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsidir. Tədqiqatçı səmərəli fəaliyyəti çərçivəsində müntəzəm olaraq rayon ərazisində məskunlaşmış qərbi azərbaycanlılarla görüşlər keçirir, apardığı söhbətlər əsnasında aktuallıq kəsb edən materialları və xalq yaddaşında qorunan folklor nümunələrini qeydə alır. Həmin görüşlərdə toplanan materialların, eləcə də böyük mənəvi önəmə sahib mədəniyyət nümunələrinin kitaba daxil edilən fotoşəkilləri əsərə rəng qatır.

Əsərin ikinci bölməsi “Şifahi yaradıcılıqda tarixi yaddaş” adlanır. Burada Qərbi Azərbaycan folkloruna xas inanclar, sınamalar, ocaq və pirlərlə bağlı andlar, mərasimlər, adət-ənənələr, bayatı və haxıştalar təqdim olunur.

“Sazlı-sözlü Gomurdan seçilənlər” adlı sonuncu bölmədə isə Naxçıvanda məskunlaşmış qərbi azərbaycandan olan saz-söz adamlarının poetik yaradıcılığından nümunələr təqdim olunur.

Qeyd edək ki, “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” kitabı muxtar respublikada Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına xidmət edən ilk kitabdır.