AMEA Naxçıvan Bölməsi

Naxçıvanın əlyazmalar xəzinəsi kitabı nəşr olunub


16.05.2023 / 15:52Yeni nəşrlər



“Naxçıvanın əlyazmalar xəzinəsi” adlı yeni kitab çapdan çıxıb. Bölmənin Əlyazmalar Fondunun əməkdaşları tərəfindən hazırlanan kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə edilib.

Layihənin müəllifi filologiya elmləri doktoru Fərman Xəlilov, nəşrin elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçisi isə professor Hacıfəxrəddin Səfərlidir. Fərman Xəlilov, Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və Kübra Vəliyevanın birgə tərtib etdiyi kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görüb.

Üç bölmədən ibarət kitab fondun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun “Əlyazmalar Fondunun yaranması və inkişaf yolu” başlıqlı ön söz xarakterli yazısı ilə başlayır. Burada Əlyazmalar Fondunun 17 illik fəaliyyətinə nəzər salınır, görülən işlər, aparılan tədqiqatlar əhatəli şərh olunur.

Kitabın ilk bölməsi “Naxçıvan əlyazma və çap materiallarında” adlanır. Burada Məhəmmədtağı Sidqinin Axund Hacı Molla Məhəmməd Naxçıvaniyə yazdığı “Dilimiz və məktəbimiz” adlı məktubunun mətni, ölkəşünas Hacı Mirbağır Mirheydərzadənin Şərur dairəsinə ekspedisiyasının nəticələri, Seyid Səbrinin 1926-cı ildə “Şərq qapısı”qəzetində dərc olunmuş “Ordubad qəzasında asari-ətiqə” adlı məqaləsi,  Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 14 iclas protokolu və həmin protokollardan seçilmiş müxtəlif adlar təqdim olunur. “Cavanlar həyatı” qəzetinin ilk nömrəsinin, “Şərq qapısı” qəzetinin 100-cü yubiley nömrəsinin baş məqalələri, fondda mühafizə olunan qədim əlyazma, çap kitabları və müxtəlif sənədlərdə Naxçıvanla bağlı materiallar, həmçinin əlyazma və çap kitablarının naxçıvanlı müəllifləri, katibləri, sifarişçiləri, çap etdirənləri haqqında məlumatlar da ilk bölməyə daxil edilmişdir.

“Fondun çap məhsulları” adlı ikinci bölmədə fond əməkdaşlarının nəşr olunmuş monoqrafiya və kitabları, eləcə də elmi məqalə və konfrans materiallarının dərc olunduğu mənbələr barədə məlumat verilir.

Kitabın sonuncu bölməsi Əlyazmalar Fondunda mühafizə olunan əlyazma və çap kitablarına dair araşdırmalardan bəhs edir.

Əsərin sonuna Məhəmməd Füzulinin Ə.H.Ordubadinin sifarişi ilə üzü köçürülmüş “Leyli və Məcnun” poemasına çəkilən miniatürlər və bəzi arxeoqrafik sənədlərin nüsxələri əlavə edilmişdir.

Kitab mütəxəssislər və bu sahəyə maraq göstərənlər üçün faydalı mənbədir.