Naxçıvan tarixindən səhifələr. Kitabda AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin Naxçıvan bölgəsinin orta əsrlər dövrü tarix və mədəniyyəti, bəzi memarlıq abidələri, orta əsrlər zamanı ərazidə fəaliyyət göstərən sosial, siyasi və ideoloji mərkəzlərin tədqiqinə, erməni vandallarının törətdikləri vəhşiliklərə həsr etdiyi məqalələri toplanıb.
Akademik İsmayıl Hacıyevin elmi redaktorluğu, dosentlər Elbrus İsayev və İlhami Əliyevin rəyləri əsasında çapdan çıxan kitabın ərsəyə gəlməsində 150-dən artıq elmi mənbədən istifadə olunub. Kitab ön söz, üç bölmə, ədəbiyyat və foto-şəkillər albomundan ibarətdir.
Müəllif kitabın “Naxçıvanın orta əsrlər tarixinə dair” adlanan birinci bölməsinə 5 yarımbölmə daxil edib. “Müsəlman intibahi dövründə Naxçıvan bölgəsində inşa edilmiş bəzi memarlıq abidələri haqqında” başlıqlı ilk yarımbölmədə hələ erkən orta əsrlər dövründə Naxçıvanın Azərbaycanın əhəmiyyətli ictimai-siyasi və mədəniyyət mərkəzlərindən biri olması faktı vurğulanır. Orta əsr Naxçıvan sənətkarlarının yerli memarlıq ənənələrini ümumislam mədəniyyətinə xas çalarlarla zənginləşdirməsindən, Azərbay¬can memarlığının Naxçıvandakı möhtəşəm nümunələrindən bəhs olunur.
Növbəti yarımbölmədə Hülakülər dövlətinin sahib-divanı olmuş Şəmsəddin Məhəmməd Cüvеyninin Naxçıvanla sıx əlaqələrindən, burada еlm, təhsil və mədəniyyətin inkişafı üçün həyata kеçirdiyi tədbirlərdən danışılır. Alim həmçinin Hülakülər dövrünün məşhur şairi, tarixçi və coğrafiyaşünas Həmdullah Qəzvininin “Nüzhət əl-Qülub” (“Qəlblərin əyləncəsi”) əsərində Naxçıvan haqqında verdiyi məlumatları diqqətə çatdırır, bölgədəki xanəgahlar, ziyarətgahlar, məscidlər və mədrəsələrdən bəhs edir.
“Babək rayonu: bölgə tarixinə qısa bir baxış” adlı sonuncu yarımbölmə isə rayonun tarixini, buradakı arxeoloji abidələr və onların öyrənilməsini, habelə müasir inkişafını əhatə edir.
Kitabın ikinci bölməsi “Naxçıvanın memarlıq abidələrinin Azərbaycan tarixində yeri” adlanır. Buraya “Qarabağlar türbəsini inşa etdirən qadın kim olub”, “Naxçıvanda hürufiliklə bağlı mərkəz – Əlincəçay xanəgahı”, “Əlincənin Teymurilərdən müdafiəsinə rəhbərlik etmiş qala rəisləri” kimi başlıqlar daxildir.
Kitabın üçüncü bölməsində ermənilərin Naxçıvan ərazisinə köçürülməsi və məskunlaşdırılması, Naxçıvan əhalisinin həmin köçürməyə etirazı, xalqın haqlı mübarizəsinə işıq tutulur. “Ermənilərin Naxçıvanda törətdikləri vəhşiliklər” adlanan sonuncu bölməyə xarabaya çevrilmiş bir sıra yaşayış məskənlərimiz, tarixi abidələrimiz, yandırılmış məscidlər haqqında məqalələr də daxil edilmişdir.
Əsərin “Qədim Azərbaycan torpağı – Zəngəzur” başlıqlı sonuncu yarımbölməsində isə Azərbaycanın tarixən əhatə etdiyi ərazilər, Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı vəziyyət, eləcə də Xalq Cümhuriyyəti dövründə torpaqlarımızın məqsədli şəkildə ermənilərə güzəştə gedilməsi, heç bir əsas olmadan Qarabağ və Zəngəzurun “mübahisəli ərazilər” elan olunması və başqa məsələlərə işıq tutulur.
Kitabın sonuna əlavə edilmiş albomda məqalələrdə adı çəkilən bir sıra abidə və kitabənin, Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri, eləcə də erməni vandalları tərəfindən məhv edilmiş məzarüstü abidələrdən bəzilərinin foto-şəkilləri yer alıb.
Gələcəkdə çoxcildlik kimi nəzərdə tutulan “Naxçıvan tarixindən səhifələr” bu silsilədən olan birinci kitabdır.
Naxçıvan arxeologiyası yeni tapıntılar işığında. AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında” adlı monoqrafiyası alimin illərdir apardığı araşdırmaların yeni fakt və məlumatlarla təkmilləşdirilmiş nəşridir. Elmi məlumatların Azərbaycan dili ilə yanaşı ingilis dilinə də tərcümə olunaraq əsərə əlavə olunması Naxçıvan arxeologiyası ilə bağlı ən son yeniliklərin beynəlxalq səviyyədə bəyanı baxımından önəmlidir.
Monoqrafiya ulu öndər Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən, abidələri özündə cəmləşdirən bir diyardır” fikri və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli Sərəncamının mətni ilə başlayır.
Giriş və 13 başlıqdan ibarət əsərin elmi redaktoru professor Qüdrət İsmayılzadə, rəyçiləri isə professor Abbas Seyidov və dosent Bəhlul İbrahimovdur.
Monoqrafiyada ilk insan məskənlərindən başlayaraq Naxçıvanın qədim abidələri, həmin abidələrdən aşkar olunmuş arxeoloji materiallar araşdırılmış, Naxçıvan arxeologiyasının müxtəlif dövrləri, ölkəmizin qədim sakinlərinin iqtisadi mədəni əlaqələri, özünəməxsus mədəniyyəti öz əksini tapmışdır. Burada Naxçıvan abidələrinin arxeoloji tədqiqi tarixinə nəzər salınmış, dövrlər üzrə tədqiqatlar sistemləşdirilmiş, davamlı və ardıcıl araşdırmalar nəticəsində aşkar olunan mühüm elmi yeniliklər şərh olunmuşdur.
Arxeoloji tədqiqatların Naxçıvanda formalaşan qədim mədəniyyətlərin Azərbaycanda formalaşmış mədəniyyətlərin tərkib hissəsi və onun ayrılmaz bir parçası olduğunu təsdiq etdiyini diqqətə çatdıran müəllif monoqrafiyada Mezolit, Dalmatəpə, Ovçulartəpəsi, Kür-Araz, Boyalı qablar, Xocalı-Gədəbəy mədəniyyətlərinin Naxçıvandakı izlərini nəzərdən keçirmişdir.
Tapılan maddi mədəniyyət nümunələrinin foto-şəkillərinin, abidələrin ümumi planının, materialların qrafik təsvirlərinin, mikroskopik analizlərindən görüntülərin monoqrafiyaya əlavə olunması əsərin ehtiva etdiyi məlumatların vizual qavranılmasında xüsusi rola malikdir. 300 elmi mənbəyə istinadların mövcud olduğu monoqrafiya Naxçıvan arxeologiyasının keçdiyi inkişaf yolunu izləmək baxımından böyük önəm daşıyır.
Monoqrafiya mütəxəssislər, universitet tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.