AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev türk yazıçısı Taylan Sorqunun hazırladığı “Xəlil paşa: İttihad və tərəqqidən Cümhuriyyətə bitməyən savaş (xatirələr)” kitabını Türkiyə türkcəsindən dilimizə tərcümə edib.
Bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görmüş kitabın redaktoru və ön sözün müəllifi akademik İsmayıl Hacıyevdir. “Keşməkeşli və şərəfli həyatın mənalı illərinə həsr edilmiş xatirələr” başlıqlı ön sözdə Xəlil paşanın həyatı, hərbi fəaliyyəti yığcam şərh olunmaqla bərabər, əsərin ana dilimizə tərcümə olunmasının əhəmiyyəti vurğulanmışdır.
Xəlil paşa Kut Osmanlı Türkiyəsinin XX əsr hərb tarixində böyük xidmətləri olan hərbi xadimlərdən olmuşdur. O, türk ordusunun tarixində böyük rəşadət və qəhrəmanlıq göstərmiş, eyni zamanda böyük öndər Mustafa Kamal Atatürkün silahdaşı kimi Türkiyə Cümhuriyyətinin qurulması üçün var qüvvəsi ilə çalışmışdır. Xəlil paşa türk dünyasının, eləcə də Azərbaycanın müstəqillik uğrunda mübarizəsində, paytaxt Bakının erməni-bolşevik qəsbkarlarından təmizlənməsində, işğaldan azad olunmasında, eləcə də doğma Naxçıvanın erməni hücumlarından qorunmasında fəal iştirak etmişdir.
Bacarıqlı sərkərdə öz keşməkeşli həyatı, mübarizə meydanında yaşadığı hadisələr haqqında xatirələrini qeydə almış, həmin xatirələr paşanın ölümündən 10 il sonra – 1967-ci ildə Türkiyə mətbuatında silsilə şəklində dərc edilmişdir. Sonra isə Xəlil paşa Kutun xatirələri yazıçı Taylan Sorqun tərəfindən kitab halında nəşr olunmuşdur. Kitabda Xəlil paşanın ötən əsrin 20-ci illərində Azərbaycanda baş vermiş siyasi hadisələrə özünəməxsus baxışı əks olunmuş, həmin dövrdə türk-rus, türk-erməni, Azərbaycan-rus-erməni münasibətləri təhlil edilmiş, Naxçıvan məsələsi əhatəli şəkildə işıqlandırılmışdır.
Türk sərkərdəsi Xəlil paşanın xatirələrində qeyd etdiyi mühüm hadisələrin, hadisələrə baxışı və təhlillərinin vacibliyini nəzərə alan professor Əbülfəz Quliyev bu qiymətli əsəri ixtisarla dilimizə tərcümə edərək nəşrə hazırlamışdır. 24 başlıqdan ibarət kitabda “Bakının işğaldan azad edilməsi”, “İrəvan”, “İnqilab və Azərbaycan” və başqaları ölkəmizdə baş verən hadisələrin təhlili baxımından mühüm önəm daşıyır. Alim tərcümə edərkən əsərin üslub xüsusiyyətləri və yazıçının dəst-xətinin qorunmasına səy göstərmişdir.