AMEA Naxçıvan Bölməsi

Uşaqların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsinə növbəti töhfə - Naxçıvan uşaq folkloru


25.11.2022 / 11:14Yeni nəşrlər



“Naxçıvan uşaq folkloru” adlı yeni kitab nəşrdən çıxıb. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci ilə dair nəşr planına əsasən çap olunub.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Elxan Məmmədov və Naxçıvan Dövlət Universitetinin əməkdaşı, dosent Əkrəm Hüseynzadənin birlikdə tərtib etdiyi kitab akademik İsmayıl Hacıyev və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin rəyləri, dosentlər Elxan Məmmədov, Aytən Cəfərova və Çinarə Rzayevanın redaktorluğu ilə işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsi tərəfindən hazırlanan “Naxçıvan uşaq folkloru”na müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasından toplanmış, həmçinin üçcildlik Naxçıvan Folklor Antologiyasında verilmiş uşaq folkloru ilə bağlı nümunələr daxil edilib.
Ümummilli lider Heydər Əliyevin “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”, - fikri ilə başlayan kitaba Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamının mətni də yer alıb.
Kitab yazılmış “Uşaqların və yeniyetmələrin tərbiyəvi ruhda yetişməsində mühüm rola malik uşaq folkloru” başlıqlı ön sözün müəllifi folklorşünas Elxan Məmmədovdur. Kitaba muxtar respublikada yayılmış nağıllar, laylalar, oxşamalar, nazlamalar, tapmacalar, düzgülər, yanıltmaclar, oyunlar və başqa uşaq folkloru nümunələri daxil edilib.
Gələcəyimiz olan uşaqların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsinə, onların təxəyyülünün zənginləşməsinə, təfəkkürünün, fikir ifadə etmə qabiliyyətlərinin inkişafına xidmət edən kitab həm də elmi və ədəbi ictimaiyyət üçün faydalı materialdır. “Naxçıvan uşaq folkloru” ölkəmizin, hətta qonşu dövlətlərin yaxın coğrafiyasından toplanmış nümunələrlə müqayisədə müxtəlif elmi araşdırmaların aparılması üçün etibarlı mənbədir.