AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova, elmi işçi Rafiq Quliyev və Naxçıvan Dövlət Universitetinin əməkdaşı, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun həmmüəllifliyi ilə Rusiya Federasiyasının Hirşa indeksli “Novaya Nauka” Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzi tərəfindən “Elmin innovativ inkişafı: fundamental və tətbiqi problemlər” adlı kollektiv monoqrafiya nəşr olunub. DOI keyfiyyət identifikatoruna və ISBN beynəlxalq standart nömrəsinə malik monoqrafiya mərkəzin elektron kitabxanasında yerləşdirilib.
Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikasının artezian sularının müasir vəziyyəti və istifadə perspektivləri” adlı fəslində Ordubad, Culfa, Şahbuz, Babək, Kəngərli, Sədərək və Şərur rayonlarının yeraltı su horizontlarındakı artezian sularının məhsuldarlığının dəyişməsi ümumiləşdirilib, 825 subartezian quyusunun texniki göstəricilərinin əks olunduğu cədvəl və sxemlər monoqrafiyaya əlavə olunub. Əsərdə həmçinin muxtar respublikada son illər istifadəyə verilmiş 247 subartezian quyusunun əkin sahələrinin suvarılmasında və su təchizatındakı roluna diqqət çəkilib, həmin suların makrokomponent tərkibi haqqında əhatəli təhlillər aparılıb. Artezian sularının muxtar respublikadakı əkin sahələrinin suvarılmasında, kənd təsərrüfatının inkişafındakı mühüm rolu vurğulanıb.
Tədqiqatçılar müxtəlif rayonlardan toplanan artezian sularının analizlərinin nəticələrini təqdim edərək əsaslandırıblar ki, bu sular içməli su kimi istifadəyə, eləcə də təsərrüfatların suvarılmasına tam yararlıdır. Xüsusilə, Ordubad, Şahbuz, Sədərək və Şərur rayonlarının artezian suları yumşaq, qeyri-üzvi duzların qarışığına malik deyil, xlorid və sulfat ionlarının qatılıq səviyyəsi aşağıdır.
Qeyd edək ki, məqalələri mütəmadi olaraq nüfuzlu xarici jurnallarda dərc olunan alimlər əsərlərinin kəsb etdiyi elmi əhəmiyyət nəzərə alınmaqla yaxın dövr ərzində Çexiyanın “Premier Publishing”, Almaniyanın “Lambert” nəşriyyatından, Rusiyanın “Təbiətşünaslıq Akademiyasının” mətbuat evindən məqalə və monoqrafiya nəşri üçün təkliflər alıblar.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib