AMEA Naxçıvan Bölməsi

Taleyi və sənəti seriyasından 15-ci kitab nəşr olunub


06.05.2022 / 12:12Yeni nəşrlər



AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən hər il nəşri nəzərdə tutulan “Taleyi və sənəti” seriyasının növbəti kitabı nəşr olunub. Hər il Naxçıvanın görkəmli şair, yazıçı, ədəbiyyatşünas-tənqidçilərindən birinə həsr olunan kitab seriyasının sonuncu nəşri şair-dramaturq, tədqiqatçı-publisist Müzəffər Nəsirliyə həsr olunub. Yeni kitab bu seriyadan çap edilən sayca 15-ci nəşrdir.

İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun tərtib etdiyi yeni kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görüb. Kitab filologiya elmləri doktoru Fərman Xəlilovun rəyi, dosent Ramiz Qasımovun elmi readaktorluğu ilə elmi ictimaiyyətə təqdim olunub.

Kitabda institut əməkdaşlarının Naxçıvan ədəbi mühitinin layiqli yetirməsi, şair-dramaturq, pedaqoq, publisist Müzəffər Nəsirlinin həyatı, mühiti, taleyi və yaradıcılığına dair müxtəlif mövzulu araşdırmaları əksini tapıb. Məqalələrdə şairin həyatı əhatəli şərh olunub, yaradıcı fəaliyyətinin bütün dövrləri üzrə təhlillər aparılıb. Müxtəlif imzalarla ərsəyə gələn əsərlərinin mövzu rəngarəngliyinə diqqət çəkilib. Onun həyat və fəaliyyətini özündə ehtiva edən sənəd və materiallar ayrı-ayrılıqda araşdırılaraq yaradıcılığının dil-üslub xüsusiyyətlərinə, dramaturji, eləcə də pedaqoji fəaliyyətinə nəzər salınıb.

Kitaba həmçinin Müzəffər Nəsirlinin həyatının müxtəlif dövrlərində müasirləri ilə çəkdirdiyi fotolar əlavə olunub. Bir neçə əlyazması ilə yanaşı şairə ünvanlanmış təbrik və məktublar da oxuculara təqdim edilib. Kitabın sonunda yer alan “Müzəffər Nəsirli yaradıcılığından nümunələr” bölməsində şairin “Mənim doğma Naxçıvanım”, “Əcəmi yadigarı”, “Bir qəhrəman yaşayır”, “Xalqımın səsidir”, “Arazın işıqları”, “Atalar və oğullar”, “İstərəm” və bu kimi şeirləri verilib.

Ümumilikdə “Müzəffər Nəsirli: taleyi və sənəti” kitabında 12 müəllifin məqaləsi öz əksini tapıb.