AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun “Şərq qapısı” qəzetinin nəşri tarixinin ilk mərhələsi və yeni ədəbi mühitin formalaşmasında rolu” adlı kitabı nəşr olunub. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü Teymur Kərimli, rəyçisi isə AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlidir.
Kitabda Naxçıvanın ilk mətbuat orqanı olan 100 yaşlı “Şərq qapısı” qəzetinin fəaliyyətinin ilk mərhələsində keçdiyi çətin və keşməkeşli inkişaf yolu araşdırılıb. Qəzetin Naxçıvanda ədəbi mühitin formalaşmasındakı rolu və xidmətlərindən bəhs olunub.
Kitabın ilk səhifələrində ulu öndər Heydər Əliyevin “Şərq qapısı” qəzeti haqqında söylədiyi fikirlər və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamının mətni verilib.
Kitab “Qəzetin nəşri tarixinin ilk mərhələsi” və “Naxçıvanda yeni ədəbi mühitin formalaşmasında “Şərq qapısı”nın rolu” başlıqlı iki bölmədən ibarətdir. Birinci bölmədə qəzetin fəaliyyətə başlaması, müxtəlif dövrlərdə fərqli adlarla nəşrindən bəhs olunub, “Şərq qapısı” adının böyük lider M.K.Atatürkün Naxçıvan haqqında işlətdiyi “türkün qapısı” ifadəsi ilə səsləşməsinə diqqət çəkilib. Burada qəzetin ilk mətbəəsi, texniki heyəti, qəzetin ilk redaktorları və ilk qadın müxbirləri ilə bağlı məlumat verilir.
Kitabın ikinci bölməsi isə “Qəzetin Naxçıvanın ilk elmi qurumu Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti ilə əməkdaşlığı”, “Ədəbi tənqidin ilk tribunası”, “Molla Nəsrəddin” və “Şərq qapısı”, “Ədəbi-mədəni mühitdəki proseslərin mötəbər güzgüzü” kimi yarımbölmələrdən ibarətdir.
Müəllif həmçinin qəzetin 1923-1926-cı il nömrələrində dərc olunan bəzi materialların biblioqrafiyasını hazırlayaraq nəşrə əlavə edib. Bu isə həmin nömrələrdə dərc olunan materialların əlçatanlığını təmin etmək baxımından olduqca faydalıdır.
Kitabın sonunda “Şərq qapısı” qəzetinin ilk redaktorlarının, daimi yazarlarının, fəhlə-kəndli və qadın müxbirlərinin fotoşəkilləri oxuculara təqdim olunur.
Kitab mətbuat tariximizi öyrənən tədqiqatçılar, müəllim və tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Yenicə çapdan çıxan “Söhbətin ardı qaldı...” kitabı "Şərq qapısı" qəzetinin fəaliyyətinin öyrənilməsinə xidmət edən növbəti əsərdir. Kitab AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayeva tərəfindən tərtib edilib. Rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosentlər Elxan Məmmədov və Nuray Əliyevadır.
Nəşrin əvvəlində yer alan “Məmməd Rzayev kimdir” ön söz xarakterli yazıda müəllif jurnalistin həyat və fəaliyyəti haqqında yığcam məlumat verib.
Kitabda həyatının 26 ilini Naxçıvanla bağlı müxtəlif səpkili mövzularda məqalələr yazmağa hər etmiş Məmməd Rzayevin 160-dan artıq felyeton və məqalələri toplanılıb. “Torpağı qoruyaq”, “Bağçılığa diqqət”, “Ürəkdə iz salanlar”, “Culfalıların əmək qələbəsi”, “Pambıqçıların hünəri”, “Abunə yazılışı mütəşəkkil keçir” və başqaları bu zəngin fəaliyyətin bir qismini təşkil edir.
Qeyd edək ki, “Söhbətin ardı qaldı...” kitabı muxtar respublika mətbuatının, “Şərq qapısı” qəzetinin, müəllifin yaşadığı dövr Naxçıvanının ictimai-siyasi, iqtisadi-mədəni həyatının öyrənilməsində faydalı ola bilər.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib