AMEA Naxçıvan Bölməsi

İngiltərənin geosiyasi maraqlarında erməni məsələsinin yeri və Azərbaycana təsiri kitabı özbək və rus dillərində nəşr olunub


28.07.2021 / 16:06Yeni nəşrlər



AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “İngiltərənin geosiyasi maraqlarında erməni məsələsinin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitabı rus və özbək dillərində nəşr edilib. Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində işıq üzü görən əsər giriş, 4 bölmə, nəticə, arxiv materialları və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

Kitabda XX əsrin əvvəllərində İngiltərənin geosiyasi planlarında “erməni məsələsi”nin yeri, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi, Hərbi Kabineti, Ali Baş Qərargahı, Hərbi Kəşfiyyat Xidməti və digər qurumları tərəfindən qəbul edilən qərarlarda ermənilər üçün təmin edilən külli miqdarda maliyyə və silah yardımlarından bəhs edilmiş, bu canfəşanlığın pərdə arxası səbəblərinə aydınlıq gətirilmişdir. Böyük Britaniya arxivlərindən əldə olunan materiallara əsaslanan müəllif qarşılıqlı istifadəyə dayanan ingilis-erməni əməkdaşlığının Azərbaycanın bir sıra bölgələrində minlərlə müsəlman-türkün qətlə yetirilməsinə səbəb olduğu qənaətindədir. Çoxsaylı elmi mənbələrə, Azərbaycan, Türkiyə, İngiltərə arxivlərinən toplanan 40-dan artıq material və rəsmi sənədlərə istinadların yer aldığı bu dəyərli kitab uyğun sahə mütəxəssisləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Əsərin elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçiləri professor Musa Qasımlı və tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovadır.