AMEA Naxçıvan Bölməsi

Hüseyn Razinin publisistikasından bəhs edən monoqrafiya


26.07.2021 / 15:28Yeni nəşrlər



AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru Sahab Əliyevanın “Hüseyn Razinin publisistikası” monoqrafiyası nəşr olunub. Monoqrafiya AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 25 may 2021-ci il tarixli qərarı ilə çap olunub. Nəşrin elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Fərman Xəlilov, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovdur.

 Monoqrafiya ön söz, giriş, iki fəsil, istifadə olunmuş ədəbiyyat siyahısı və “Əlavələr”dən ibarətdir. “Gənc tədqiqatçının ilk monoqrafiyası” adlı ön sözdə Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi, şair və publisist Hüseyn Razinin publisistik irsinin ilk dəfə sistemli şəkildə tədqiq olunduğu monoqrafiya ətraflı təhlil edilir, əhəmiyyətli elmi mülahizələr irəli sürülür. Ərəsin “Giriş” adlı hissəsində H.Razinin həyat və yaradıcılığından bəhs olunur, publisistik yaradıcılığının əsas məqamları təhlilə cəlb olunur.

Nəşrin birinci fəslində H.Razinin ictimai-siyasi məzmunlu məqalələri təhlil olunaraq, mövzular üzrə qruplaşdırılır. Burada Naxçıvan Muxtar Respublikasının tərəqqisi, gözəlliyi, sənaye, kənd təsərrüfatı və quruculuq sahəsindəki nailiyyətləri, Arpaçay dəryaçasının inşası, İkinci Dünya müharibəsinin naxçıvanlı qəhrəmanları, beynəlxalq mövzular, ədəbiyyat, incəsənət və mədəniyyət məsələləri, Qarabağ və onun ətrafında baş verən hadisələr təhlillər əsasında ətraflı şərh edilir.

“Ədəbi tənqidi məqalələri” adlı ikinci fəsildə isə müəllifin Azərbaycan və dünya ədəbiyyatının tanınmış simalarının yaradıcılığından bəhs edən məqalələri, müxtəlif rəy və resenziyaları, Naxçıvandakı gənc yazarların yaradıcılığı haqqındakı qeydləri, həmçinin teatr sənətinə həsr olunan yazıları ilə bağlı mühüm elmi təhlillər yer alıb.

Monoqrafiyanın “Əlavələr” adlı hissəsində yer alan H.Razinin seçilmiş publisistik məqalələri isə monoqrafiya müəllifinin irəli sürdüyü fikir və mülahizələrinin əyani mənbəyi kimi təqdim olunur.

Geniş oxucu auditoriyasının istifadəsi üçün nəzərdə tutulan monoqrafiya “Əcəmi” Nəşriyyat və Poliqrafiya Birliyində nəşr olunub.