AMEA Naxçıvan Bölməsi

AMEA Naxçıvan Bölməsində kitab təqdimatı keçirilib


04.04.2024 / 17:09Tədbirlər



AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə mərhum şair Hüseyn Fərəcoğlunun yeni nəşrdən çıxmış kitablarının təqdimatı keçirilib.

Mərasimi giriş sözü ilə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açıb.

Naxçıvan torpağının tariximizə, mədəniyyətimizə bir çox görkəmli şəxsiyyətlər yetirdiyini söyləyən professor bildirib ki, bu proses ötən yüzillikdə də davam edib. H.Fərəcoğlu məhz həmin qələm sahiblərindən biridir.

Əbülfəz Quliyev H.Fərəcoğlunun həyatının, yaradıcılığının əsas cəhətlərindən söz açıb, onu səmimi insan, sözün dəyərini bilən, özünəxas yaradıcılıq üslubu ilə seçilən bir şair kimi xarakterizə edib. H.Fərəcoğlu yaradıcılığının janr baxımından zəngin olduğunu qeyd edən alim onun irsinin ailə üzvləri tərəfindən qorunub saxlandığını, bu gün həmin əsərlərin nəvəsi, tarix elmləri doktoru Sevinc Abbasova tərəfindən “Xatirələr”, “Sənət qartalı”, “Təmsillər”, “Uşaq şeirləri” adı ilə çap olunduğunu bildirib.

İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov təqdimat mərasimində “Şair Hüseyn Fərəcoğlu haqqında söz” başlıqlı məruzə edib.

Alim vurğulayıb ki, Naxçıvan ədəbi mühitində ideya, problem baxımından rəngarəngliyi ilə seçilən H.Fərəcoğlu yaradıcılığı ictimai, fəlsəfi məzmunlu lirik şeirlərin, təmsillərin və  uşaq şeirlərinin maraqlı, düşündürücü məzmununa görə seçilir.

Onun “Sənət qartalı” poemasını ideya və sənətkarlıq xüsusiyyətləri baxımından təhlil edən natiq əsərdən gətirdiyi nümunələr əsasında fikirlərini əsaslandırıb. Qeyd olunub ki, Vətənə, el-obaya bağlılıq, yurd sevgisi H.Fərəcoğlu lirikasının aparıcı mövzusudur. “Mənim ilhamım” adlı şeirini şairin yaradıcılıq kredosu adlandırmaq mümkündür.

“H.Fərəcoğlu  ədəbiyyatımızda Ulu öndər Heydər Əliyevin bədii obrazını yaradan ilk şairlərdəndir”, -deyən tədqiqatçı təvazökar şairin öz yaradıcılığı haqqında söylədiyi fikirləri diqqətə çatdırıb.

Daha sonra institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova və “Tusi” Nəşriyyatının direktoru, kitabların redaktoru Qafar Qərib çıxış ediblər.

Rəsmi hissənin ardından Naxçıvan Dövlət Universitetinin tələbələrindən Tülay Babayeva və Məryəm Qurbanova şairin şeirlərini qiraət ediblər.

Tədbirin sonunda şairin ailəsi adından çıxış edən Qurban Abbasov və Sevinc Abbasova H.Fərəcoğlu irsinə göstərilən diqqətə görə AMEA Naxçıvan Bölməsi rəhbərliyinə, tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlıq ediblər. Şairin yaradıcılığının ehtiva etdiyi bəzi məsələlər, problemlərə yanaşma tərzi barədə danışaraq fikirlərindən sitatlar gətiriblər.

Tədbirin sonunda mərasim iştirakçıları xatirə şəkli çəkdiriblər.