AMEA Naxçıvan Bölməsi

Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik respublika elmi konfransı


30.03.2024 / 16:35Tədbirlər



 Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Naxçıvan Bölməsi, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransdan öncə təşkilatçı qurumların və elmi-tədqiqat müəssisələrinin rəhbərləri Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyaraq Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

AMEA-nın Naxçıvan Bölməsində baş tutan konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.

Bölmə sədri bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı mühüm tarixi qərar olub, 100 illik tarixə malik muxtar respublikanın Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun daha dərindən öyrənilməsinə xidmət edir. Vurğulanıb ki, Naxçıvan tarixin müxtəlif mərhələlərində üzərinə düşən vəzifələri uğurla yerinə yetirmiş, böyük dövlətlərin bölgə ilə bağlı maraqlarına rəğmən Naxçıvan əhalisi bölgənin müdafiəsini təmin etmişdir. Müasir dövrdə də Naxçıvan mühüm dövlət proqramlarının yerinə yetirilməsində fəal iştirak edir, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir.

Akademik Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli konfransda “Naxçıvan Muxtar Respublikası: ədəbi-tarixi proseslər və müasir dövr" başlıqlı məruzə edib.

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli sərəncamını Naxçıvan Muxtar Respublikasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının təzahürü kimi qiymətləndirib. Qeyd olunub ki, həmin sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir. Bu qayğı Naxçıvanın yeni dövr inkişafını istiqamətləndirir, onun sabahını daha aydın təsəvvür etməyə imkan verir.

“Bu gün Naxçıvan Azərbaycanın əsas hissəsi ilə, paytaxtdakı qurumlarla geniş dialoq imkanlarına malikdir. Qeyd etməliyəm ki, bu proses yeni Naxçıvan üçün mühümdür. Bu gün keçirilən konfrans da Naxçıvanın yeni inkişaf mərhələsində tədqiq olunmasına xidmət edir”, - söyləyən alim özünün yeni dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasının gələcək perspektivlərindən danışıb.

Çıxışının sonunda akademik İsa Həbibbəyli konfrans iştirakçılarını muxtar respublikanın 100 illiyi və yaxın zamanda qeyd olunmuş Elm Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə akademiya sistemində çalışan 55 nəfərin “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunduğunu bildirib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya, Naxçıvan Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbova və AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevə medalları təqdim edib.

Konfransda həmçinin AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov Azərbaycanda elmin və təhsilin inkişafına verdiyi töhfələrə, gənc alimlərin yetişdirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında xidmətlərinə görə və Elm Günü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub.

Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevi səmərəli elmi fəaliyyətinə görə və 27 Mart – Elm Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə, bölmənin 19 əməkdaşını Azərbaycan Milli Elmlər Akademiyasının elmi mühitində və ictimai həyatında fəal iştirakına görə təşəkkürnamə ilə təltif edib.

Təltif olunanlar adından çıxış edən akademik İsmayıl Hacıyev ölkə başçısına minnətdarlığını bildirib.

Öz işini məruzələrin təqdimatı ilə davam etdirən konfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Naxçıvan Muxtar Respublikasının 100 illiyi və Milli Azərbaycan Tarixi Muzeyinin qarşısında duran vəzifələr”, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov “Naxçıvan tarixində yeni səhifə: Ehsan xanın Peterburq səfəri haqqında”, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev “Naxçıvanda ali təhsil”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov “Muxtariyyət dövründə Naxçıvanda ümumi təhsil”, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov “Naxçıvan Muxtar Respublikasının davamlı inkişafında Ümummilli lider Heydər Əliyevin xidməti” və AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu” mövzusunda məruzələr ediblər.