Mayayının 21-də AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayevanın “Naxçıvan folklor mətnlərində geyimlər və onların özünəməxsusluğu” mövzusunda elmi məruzəsi dinlənilib.
Çinarə Rzayeva əvvəlcə doktorluq dissertasiyasının mövzusu, əhatə etdiyi elmi problem barədə məlumat verib, fəsillər üzrə tədqiq etdiyi məsələləri nəzərə çatdırıb.
“Azərbaycan milli geyimləri onun mədəniyyətinin öyrənməsində qiymətli mənbələrdəndir”, - deyən tədqiqatçı bildirib ki, milli geyimlər xalqın mənəvi dəyərlərini, xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri əks etdirir.
Xalqın etnoqrafik yaddaşının, vərdişlər sisteminin, etik-estetik özünəməxsusluğunun ən mühüm göstəricilərindən biri olan geyimlər folklor janrlarında xüsusilə nəzəri cəlb edir. Özündə bir çox xüsusiyyətləri əks etdirən geyimlər Naxçıvan folklor materiallarında işlənməklə, obrazların bəzəyinə çevrilmiş, onları etnoqrafik baxımdan daha da zənginləşdirmişdir. Folklor janrlarında təcəssüm edən geyimlərin bir qismi türk mənşəli, digər bir qismi isə ərəb və fars mənşəlidir. Qeyd edək ki, istər türk, istərsə də ərəb və fars mənşəli bu leksikon Azərbaycan ədəbi dili miqyasında arxaik olsa da, əksəriyyəti Naxçıvan bölgəsində ümumişlək səciyyə daşıyır. Burada folklor və dialekt arealının paralel işlənmə qanunauyğunluğu özünü göstərir. Eyni zamanda leksik-kulturoloji mühit dialekt mühitinin mühafizəsinə təsir göstərdiyi kimi, dialekt mühiti də leksik-kulturoloji mühiti “aşınmadan” qoruyur.
Çinarə Rzayeva folklor materiallarında işlədilən başmaq, yaylıq, papaq, kəmər, xalat, köynək və başqa geyimlərin xalq təfəkküründə simvollaşması məsələsinə diqqət çəkib, ifadə etdikləri məna çalarlarını nümunələr əsasında izah edib.
Daha sonra akademik İsmayıl Hacıyev “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı” AMEA Rəyasət Heyətinin qərarı və Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrlə bağlı çıxış edib.
Bölmə sədri bildirib ki, AMEA Rəyasət Heyətinin 15 may tarixli iclasında AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə Komissiya yaradılıb və Tədbirlər planı təsdiqlənib. Bu əlamətdar tarixə töhfə vermək məqsədilə Naxçıvan Bölməsinin də yubileylə bağlı fəaliyyətin icra olunması üçün bölmənin elmi-tədqiqat müəssisələri tərəfindən görüləcək işlərin siyahısının hazırlanması tapşırığını verib.
AMEA Naxçıvan Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxış edərək 6-8 iyun 2024-cü ildə keçiriləcək “Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” beynəlxalq elmi konfransına hazırlığın vəziyyəti barədə məlumat verib.
Daha sonra Bölmənin Elektron xidmətlər şöbəsinin aparıcı mütəxəssisi Səadət Məmmədova Vikipediya azad ensiklopediyasında Naxçıvanla bağlı materialların yenilənməsi haqqında məlumat verib. Qeyd olunub ki, ötən 6 ay ərzində Vikipediyaya yeni materialların yüklənməsi və redaktəsi işi həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası ilə bağlı “100 illik yubiley” başlığı yaradılmışdır.Muxtar respublikanın 100 illiyi çərçivəsində Naxçıvanla bağlı Vikipediyada yer alan təxminən 30-a yaxın məqalədə redaktə və genişləndirmə işləri aparılmışdır. Bölmə əməkdaşlarının da işə cəlb olunması ilə Naxçıvanla bağlı məlumatlar alimlərin elmi məsləhətləri əsasında yenilənmiş, mövcud məqalələrə yeni əlavələr və dəyişikliklər edilmişdir. Kompleks fəaliyyətin nəticəsi olaraq Naxçıvanda aparılan arxeoloji tədqiqatlar, bölgənin tarixi, memarlığı, mədəniyyəti, ədəbiyyatı, musiqisi, teatrın inkişafı, təbiəti, müasir dövrü və başqa mövzuları əhatə edən 19 başlıqda 38,744simvoldan ibarət əlavələr olunmuş və redaktə işi həyata keçirilmişdir.
Orta əsr Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvani və Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərli haqqında məqalələr genişləndirilmiş, rəssamın 30-a yaxın əsərinin fotoşəkliVikimediaya yükləmişdir. Həmçinin Naxçıvanın elmi və ictimai mühitinin tanınmış nümayəndələri ilə bağlı məlumatlar üzərində redaktə işləri aparılmışdır.
Bundan əlavə 20-ə yaxın Vətən müharibəsi şəhidi haqqında məqalə genişləndirilmiş, müxtəlif mövzular üzrə 80 yeni məqalə yaradılmışdır. Vikipediya ilə yanaşı Vikidataya 1746, Vikiresursa 23, Vikikitaba 17 və Vikimediaya 237 yeni material əlavə edilmişdir.
Cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vurulub.
İrəvan xanlarının məktublar külliyatı
kitabının təqdimatı olub
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
Naxçıvanlı professor X Beynəlxalq Türk Dili Qurultayında iştirak edib
Naxçıvan Muxtar Respublikası rayonlarının tarixi kitablarının təqdimatı olub