AMEA Naxçıvan Bölməsi

Muxtar respublikanın 100 illiyinə həsr olunmuş növbəti konfrans


30.05.2024 / 16:10Tədbirlər



AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi çərçivəsində “Şərqin qapısı – qədim diyar” II elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik bildirib ki, AMEA Naxçıvan Bölməsində ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq konfrans və tədbirlər təşkil olunur. “Şərqin qapısı – qədim diyar” II elmi konfransı həmin fəaliyyətin davamı olmaqla yanaşı, həm də Naxçıvanın müxtəlif tarixi dövrlər üzrə daha dərindən araşdırılması məqsədi daşıyır.

Vurğulanıb ki, konfrans materialları məqalələr toplusu halında çap olunacaq, toplunun siqnal nüsxəsi artıq dərc olunub.

Plenar iclasda akademik İsmayıl Hacıyev “Naxçıvanın muxtariyyətləşdirilməsi”, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Son Eneolit dövrünə aid bəzi keramika nümunələrinin funksional xüsusiyyətləri” mövzusunda məruzə ediblər.

İsmayıl Hacıyev məruzəsində unitar və federativ dövlətlərin strukturu, həmçinin sadə və mürəkkəb unitar dövlətlər, muxtariyyətin formaları barədə ümumi məlumat verib.

Konstitusiyamızda Naxçıvan Muxtar Respublikasının statusunu təsbit edən maddələri diqqətə çatdıran alim bölgəyə muxtariyyət verilməsinin hüquqi-siyasi əsaslarından danışıb. Naxçıvana muxtariyyət statusunun iki əlamət üzrə - milli və beynəlxalq səviyyədə verildiyini xatırladan akademik 1921-ci il referendumu və Moskva müqaviləsindən söz açıb. Akademik məruzəsində Naxçıvana sonradan muxtar diyar statusunun verilməsi, Türkiyənin məsələyə müdaxiləsindən sonra muxtar respublika statusunun yenidən qaytarılması və başqa mühüm məsələlərə toxunub.

“Naxçıvanın muxtariyyəti eksklav xarakterli muxtariyyətdir”, - deyən alim anklav və eksklavın fərqi, Naxçıvanın Moskva və Qars beynəlxalq müqavilələri ilə müəyyənləşmiş əraziləri və həmin müqavilələrə əsasən Naxçıvanın ərazi xəritələri arasıdakı fərqlərə nəzər yetirib. Ulu öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyətin mühümlüyü ilə bağlı fikirlərini konfrans iştirakçılarının  diqqətinə çatdırıb.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutununelmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev məruzəsində Qafqaz arxeologiyası ilə bağlı mövcud problemlərdən, hökm sürən yanlış elmi fikirlərdən bəhs edib. Alim bildirib ki, elmi ictimaiyyət arasında Neolit, Eneolit, Erkən Tunc dövrü mədəniyyətlərinin Gürcüstan və Ermənistanla bağlılığı fikri mövcuddur. Lakin əslində Sioni mədəniyyəti adı verilən və kiçik bir ərazi üçün xarakterik olan bu mədəniyyət digər mədəniyyətlərlə müəyyən oxşar və fərqli cəhətlərə malikdir.

Tumbultəpə yaşayış yerindən aşkar olunan keramika məmulatları barədə məlumat verən professor həmin keramika nümunələrini 3 qrupda xarakterizə edib. Yanaşı olaraq Ovçulartəpəsi, Yeniyol, Şorsu və başqa arxeoloji abidələrdən aşkar olunmuş məişət alətləri, onlardan hansı məqsədlərlə istifadə olunması barədə danışıb.

Aparılan arxeoloji araşdırmaların nəticəsində əldə olunan elmi yeniliklərin ən yaxın zamanda Türkiyə və Rusiyanın tanınmış elmi jurnallarında dərc olunacağını diqqətə çatdırıb.

Plenar iclasın ardından konfrans öz işini “Tarix”, “Arxeologiya və Etnoqrafiya” bölmələri üzrə davam etdirib. İnstitut əməkdaşlarının Naxçıvanın qədim, orta əsrlər və müasir dövrü ilə bağlı maraqlı mövzuları əhatə edən məruzələri maraqla qarşılanıb.