AMEA Naxçıvan Bölməsi

Beynəlxalq Ana Dili Günü münasibətilə elmi konfrans olub


21.02.2024 / 16:23Tədbirlər



AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilimiz milli sərvətimizdir” adlı elmi konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransda giriş sözü söyləyib.

Akademik çıxışnda Beynəlxalq Ana Dili Gününün təsis edilməsi, dilin mənəvi varlıq kimi xüsusiyyətləri, ölkəmizdə aparılan dil siyasəti barədə danışıb. İsmayıl Hacıyev Ulu öndər Heydər Əliyevin ana dilimiz haqqında fikirlərindən sitat gətirib, dilimizin zənginliyindən söz açıb.

Konfransda Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Azərbaycan dilinin tarixinin bəzi məsələlərinə bir baxış”, Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Dilimizin yazı və əlifba məsələləri” və həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Müstəqillik illərində dövlət və dil məsələləri” mövzusunda məruzə ediblər.

Məruzələrdə ana dilimizin formalaşması və keçdiyi inkişaf yolu, istifadə olunan yazı-əlifba sistemləri və başqa məsələlərdən bəhs olunub. Müxtəlif mənbələrdən gətirdiyi nümunələr əsasında dosent Firudin Rzayev bəzi toponimlərin mənasından, Sovet hakimiyyəti dövründə ana dilimizin formalaşması ilə bağlı elmi ədəbiyyatlarda yol verilən təhriflərdən, Azərbaycan dilinin dövlət dili statusu almasında Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb.

Filologiya elmləri doktoru Nuray Əliyeva ərəb əlifbası, kiril və latın qrafikalı əlifbalardan istifadə, əlifba dəyişikliyi məsələsi ətrafında aparılan müzakirələr, M.F.Axundov, M.Şahtaxtlı, C.Məmmədquluzadə və başqa  ziyalıların hazırladığı türk xalqlarının ümumi istifadəsinə yararlı əlifba layihələri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə məsələ ilə əlaqədar aparılan islahatlar barədə fikirlərini çatdırıb.

Məruzəsində müstəqillik illərində dövlət və dil məsələlərini əhatəli təhlil edən dosent Zülfiyyə İsmayıl Ümummilli lider Heydər Əliyevin hələ SSRİ dönəmində Azərbaycan dilinin dövlət dili kimi təsbiti üçün gördüyü işlərdən, ana dilimizin adlandırılması məsələsinə münasibətindən bəhs edib. Azərbaycan dili və əlifbası ilə bağlı imzalanmış fərman və sərəncamların məntiqi davamı kimi 2013-cü ildə qəbul olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlərdən söz açıb. Ana dilinin saflığının qorunmasının hər bir vətəndaşın borcu olduğu vurğulayıb.

Konfransda həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış ediblər.

Çıxışlardan sonra mövzu ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.