AMEA Naxçıvan Bölməsi

Alimlərimiz Heydər Əliyev İli ilə əlaqədar keçirilən tədbirdə çıxış ediblər


16.03.2023 / 11:41Mühüm hadisələr



Naxçıvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Ümummilli lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva açıb. Bildirilib ki, xalqımız Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük qürur hissi ilə qeyd etməkdədir. 2023- cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümü, Vətənini və xalqını canından artıq sevən Ulu Öndərin şəxsiyyətinə milli ehtiramın ifadəsidir.
Qeyd olunub ki,Azərbaycan xalqınıAzərbaycan dövləti kimi əzəmətli reallığa qovuşduran dahi rəhbər milli-mənəvi dəyərlər sisteminin formalaşmasına əvəzsiz töhfələr vermiş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etmişdir.
Bildirilib ki, məhz Ümummilli liderin sayəsində milli-mənəvi dəyərlərə laqeyd baxışlar aradan qalxmış, ənənə ilə müasirlik arasında mənəvi-ideoloji körpü yaranmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və mənəvi birliyinə nail olmuşdur. Bu ideologiyanın əsasında dövlətçiliyin, milli mənafeyinin müdafiə edilməsi, milliyyətindən, dini baxışlarından asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarının qorunması mühüm yer tutur.
İcra Hakimiyyəti başçısının müavini deyib ki, bu gün dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı müasir Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Milli-mənəvi dəyərlərimizin yaşadılmasında və təbliğində genişmiqyaslı fəaliyyəti ilə hər bir kəsin rəğbətini qazanan Heydər Əliyev Fondu da böyük uğurlara nail olmuşdur. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Onu da qeyd edək ki, mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru Asəf Orucov və filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlunun da çıxışları olub. Qeyd edilib ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu bu günədək qoruyub saxlaya bilmişdir. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli-mənəvi irsə sahib olmasıdır. Bu zəngin irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və bu günədək qorunub saxlanılmışdır. Bu baxımdan Ulu Öndər Heydər Əliyev məktəbinin gənc nəslə aşılanması ən vacib məsələlərdən biridir.
Tədbirin sonunda “Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı film nümayiş olunub.