AMEA Naxçıvan Bölməsi

AMEA-nın Naxçıvan Bölməsində təcrübəçi tələbələrlə görüş olub


16.02.2023 / 17:17Mühüm hadisələr



AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsi əyani şöbəsinin “Tərcümə (Ərəb-Azərbaycan dilləri)” və “Tərcümə (Fars-Azərbaycan dilləri)” ixtisasları üzrə IV kurs tələbələrinin tərcümə təcrübəsi başlayıb. Təcrübə müddətində tələbələr ixtisas istiqamətləri üzrə biliklərini təkmilləşdirmək, əlyazma və çap kitablarının mətnləri ilə tanış olmaq, Fond əməkdaşları ilə fikir mübadiləsi aparmaq, elmi məsləhətlər almaq imkanı əldə edəcəklər.

Təcrübənin başlaması münasibətilə AMEA-nın Naxçıvan Bölməsində tələbələrlə görüş olub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək tədris prosesində qazanılmış biliklərin praktikaya tətbiqinin əhəmiyyətindən danışıb, ixtisas biliklərinin təkmilləşdirilməsində önəmini qeyd edib. Ölkəmizdə inkişaf etmiş bilik və bacarıqlara malik insan kapitalının formalaşmasının mühüm amillərdən biri kimi diqqətdə saxlanıldığını, yüksəkixtisaslı kadr hazırlığına xüsusi önəm verildiyini qeyd edən bölmə rəhbəri AMEA-nın Naxçıvan Bölməsində də ərəb və fars dilləri üzrə mütəxəssislərə ehtiyac olduğunu söyləyib.

Akademik bildirib ki, Əlyazmalar Fondunda tələbələr təcrübə rəhbərlərinin müəyyənləşdirdiyi planda nəzərdə tutulan tapşırıqları yerinə yetirməklə dildən istifadə bacarıqlarını inkişaf etdirə, bölmə rəhbərliyinin, alim və tədqiqatçıların məsləhət və köməyindən, yaradılan şəraitdən tam istifadə edərək bu müddətdən səmərəli faydalana bilərlər. İsmayıl Hacıyev görüş zamanı gənclərin diqqət yetirməli olduğu məsələlərdən bəhs edib, onlara məsləhət və tövsiyələr verib.

Bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxışında bildirib ki, təcrübi işin uğurlu başlanğıcı planın düzgün qurulmasından asılıdır. Təcrübə müddətində Fond əməkdaşları və tələbələrin iştirakı ilə müxtəlif mövzular üzrə seminarların, müzakirələrin keçirilməsi nəzərdə tutulub. Qeyd edilib ki, Əlyazmalar Fondu tələbələrin tərcümə bacarıqlarının inkişafı üçün öhdəliyinə düşən vəzifələri layiqində yerinə yetirəcəkdir.

Görüşdə çıxış edən Naxçıvan Dövlət Universitetinin müəllimi Ceyhun Əliyev bildirib ki, tələbələrin təcrübə müddətində kollektiv şəkildə kitab tərcümə etmələri, təcrübənin sonunda həmin kitabların Fond əməkdaşlarının elmi redaktorluğu ilə nəşri nəzərdə tutulub.

Qeyd edək ki, tərcümə təcrübəsi may ayının 31-nədək davam edəcək.