AMEA Naxçıvan Bölməsi

Nəbatat şöbəsi



Şöbə müdiri
Teyyub Yunis oğlu Paşayev
Biologiya üzrə fəlsəfə doktoru, dosent

Kiçik elmi işçi
Qədir Vahid oğlu Məmmədov

Əsas fəaliyyət istiqamətləri

   Naxçıvan Muxtar Respublikası florasının nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitkilərinin öyrənilməsi, mühafizə yollarının tədqiqi və nəbatat bağında introduksiyası, muxtar respublika ərazisində yerli və kənardan gətirilmə bəzi ağac və kol bitkilərinin introduksiyasi və onların istifadə imkanlarının araşdırılması


Əsas elmi nəticələri

   Naxçıvan Muxtar Respublikanın flora biomüxtəlifliyinə daxil olan nadir növlər, onların təbiətdəki müasir vəziyyəti, mühafizəsi və səmərəli istifadəsinə dair elmi-tədqiqat işləri aparılıb.

   Naxçıvan Muxtar Respublikası florasında ali bitkilərin müasir vəziyyəti öyrənilib, ilk dəfə olaraq ali bitkilər üzrə flora spektri hazırlanıb, ərazidə mövcud növlərin müasir vəziyyəti araşdırılıb, təbii ehtiyatı bol olan 1000-dən çox bitki növündən, təqribən 700-dən çoxunun dərman və ya texniki bitki kimi istifadə imkanları göstərilib, endemik, nadir və məhv olmaq təhlükəsi altında olan bitki növləri müəyyənləşdirilərək onların qorunması üçün tədbirlər planı və Naxçıvan Muxtar Respublikası florasının Qırmızı Kitabı hazırlanıb. Ərazi florasına 100-dən çox bitki növü, cinsi və fəsiləsi əlavə edilmişdir ki, onlardan da 3 növü Qafqaz florası üçün yenidir. Zəhərli və rəsmi dərman bitkilərinin yayılma zonaları və təbii ehtiyatı müəyyənləşdirilib.

   İlk dəfə olaraq Naxçıvan MR-in şibyə florasının növ tərkibinin 38 fəsilə, 83 cinsə daxil olan 347 növ, 6 variasiya və 5 formadan ibarət olduğu müəyyən edilib. Bunlardan 17 fəsilə, 35 cins və 138 növ Naxçıvan MR, 6 növ isə Qafqaz lixenoflorası üçün ilk dəfə olaraq qeyd olunub. 17 fəsilə 35 cins Naxçıvan Muxtar Respublika lixenoflorası üçün ilk dəfə olaraq göstərilib. Floranın botaniki-coğrafi təhlili aparılıb, növlərin coğrafi elementlər və areal tipləri üzrə paylanması məsələləri müəyyən edilib.

   Naxçıvan Muxtar Respublikası ərazisində şibyələrin rastgəlmə tezliyi, yüksəklik zonaları üzrə paylanma qanunauyğunluğu müəyyən edilib. Floranın antropogen dinamikası, tolerant növlər və onların zonalar üzrə paylanması öyrənilib və ərazinin üç əsas oroqrafik vahidi kimi Arazboyu düzənlik, orta dağlıq və yüksək dağlıq qurşaqları daxilində ekoloji cəhətdən fərqli olan beş müxtəlif zona müəyyənləşdirilib. Bu zonalarda baş verən antropogen transformasiyalar, torpaq-bitki örtüyünün müasir vəziyyəti, növlərin zonalar üzrə müqayisəli xarakteristikası öyrənilib. Naxçıvan Muxtar Respublikasının nadir və məhv olma təhlükəsində qalan şibyə növləri dəqiqləşdirilib, nəticədə 47 növün arealının daralması, 26 növün isə az-az rast gəlinməsi müəyyən edilib və onların mühafizəsi tədbirləri işlənilib hazırlanıb. Muxtar respublikada zəfəranın öyrənilməsi məqsədilə aparılan elmi tədqiqat işlərinin nəticələrinə əsasən bu bitkinin regionun torpaq-iqlim şəraitinə tam uyğun olduğu, kifayət qədər məhsul verdiyi aparılan tədqiqatlarla sübut olunub. Əkilmə dərinliyinin, soğanaqların iriliyinin və əkin vaxtlarının, suvarma və dəmyə şəraitlərinin zəfəranın bioloji inkişafına, çiçəkləməsinə və məhsuldarlığına təsiri öyrənilib və iqtisadi baxımdan yüksək nəticələr alınıb. Naxçıvan Muxtar Respublikasında bəzi yerli və kənardan gətirilmə ağac və kol bitkilərinin introduksiyası işləri aparılıb, bəzək–bağçılıqda, muxtar respublikanın yaşıllaşdırma işlərində istifadə olunma imkanları tövsiyə edilib.

   İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikası florasında Zəngçiçəyikimilər – Campanulaceae Juss. fəsiləsinə daxil olan bitkilər ətraflı və elmi əsaslarla tədqiq olunub. Naxçıvan Muxtar Respublikası florasında Campanulaceae Juss. fəsiləsinə daxil olan bitkilərin sistematik tərkibi, bioekoloji xüsusiyyətləri və fitosenoloji qruplaşmaları tədqiq olunub, istifadə imkanları araşdırılıb və nadir növlər müəyyən edilib. Zəngçiçəyikimilər fəsiləsinin növ müxtəlifliyi tədqiq olunaraq, ərazidə bu fəsiləyə mənsub 3 cins, 20 növ və 6 variasiya aşkar edilib. Naxçıvan Muxtar Respublikasında yayılan Zəngçiçəyikimilər fəsiləsinin müasir taksonomik spektri tərtib edilib, coğrafi-areoloji təhlili aparılıb, coğrafi areal elementləri və areal tipləri müəyyənləşdirilib.

   Zəngçiçəyikimilərin geobotaniki tədqiqi zamanı əmələ gətirdikləri fitosenozları və nadir assosiasiyaları öyrənilərək, onların müasir fitosenoloji təsnifatı verilib, assosiasiyaların növ tərkibi tədqiq edilməklə, senoz əmələ gətiriciləri müəyyən edilib. Fəsilənin Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitablarına daxil olan 7 nadir növünün müasir vəziyyəti tədqiq edilərək, onlardan 4 növün yeni yayılma əraziləri aşkar edilib, iki növün isə muxtar respublika ərazisində yayılma ərazilərinin get-gedə kiçildiyi və gələcəkdə təhlükə altına düşə biləcəyi aşkar edilib.