AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixdə imzaladığı müvafiq Sərəncama əsasən yaradılmışdır. Səkkiz elmi şöbənin fəaliyyət göstərdiyi institutda 1 nəfər AMЕA-nın həqiqi üzvü, 2 elmlər doktoru və 20 nəfər fəlsəfə doktoru, ümumilikdə 26 əməkdaş еlmi tədqiqatla məşğuldur. Onlardan 16 nəfərin dosent elmi adı vardır. İnstitutda həmçinin 11 nəfərdən ibarət elmi şura fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikasının flora və fauna biomüxtəlifliyinin taksonomik spektri hazırlanılmış, biomüxtəlifliyin nadir və məhv olmaq təhlükəsi qarşısında olan növlərinin Qırmızı kitabları nəşr edilmiş, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərinin istifadə imkanları müəyyənləşdirilmişdir. Naxçıvan Muxtar Respublika florasının 6 fəsiləsinə həsr edilən monoqrafiyalar nəşr etdirilmişdir. Mədəni floraya daxil olan meyvə, tərəvəz və üzümün aborigen sortlarından ibarət genefond bağ salınmış, arpanın Qılçıqlı-85, noxudun Qaraca-85 və üzümün Süfrə Bayanşirə sortları yaradılmışdır. Naxçıvan Muxtar Respublika torpaqlarının ekoloji qiymətləndirilməsi aparılmışdır.