AMEA Naxçıvan Bölməsinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə ölkəmizin həm cəbhədə, həm də siyasi arenada qazandığı parlaq qələbə münasibətilə iştirakçılara səmimi təbriklərini çatdırıb və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra bölmədə il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri haqqında danışan akademik bildirib ki, cari ilin tədqiqat dövründə bölmə əməkdaşlarının 18 monoqrafiyası, 19 kitabı, 1 metodik vəsaiti, 462 elmi məqaləsi, 207 konfrans materialı, 12 tezisi ümumilikdə 719 elmi əsəri çap olunmuş, bir xəritə və bir buklet tərtib edilmişdir. Əsərlərdən 174-üxaricdə nəşr olunmuşdur. 57 elmi məqalənin impakt faktorlu jurnallarda çapdan çıxdığını deyən alim elmi əsərlərin keyfiyyət göstəricilərinin daha da yüksəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İl ərzində həyata keçirilmiş xüsusi əhəmiyyətli işlərdən bəhs edən İsmayıl Hacıyev qeyd edib ki, 17 dekabr 2018-ci il tarixdə AMEA-nın keçmiş prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair məktub ünvanlamışdır. Məktuba əsasən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “İlandağ” geoparkının yaradılması ilə bağlı lazımi işlərin həyata keçirilməsi tapşırılmışdır. Layihənin icrası ilə əlaqədar işçi qrupu yaradılmış, tədqiqat qrupunun gərgin əməyi nəticəsində geoparklara verilən tələblərə uyğun materiallar toplanmış, sistemləşdirilmiş, tədqiq olunaraq qruplaşdırılmışdır. Layihə çərçivəsində Babək, Culfa və Ordubad rayonları ərazisində “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik və s. xəritələri hazırlanmışdır. Ərazidə yerləşən 34 tarix-mədəniyyət, 41 arxeoloji abidənin, 32 geositin ətraflı təsvirləri verilmiş, pasport qeydiyyat kartları hazırlanmışdır. Geopark ərazisinin kompleks qiymətləndirilməsi, nadir geoloji, geomorfoloji, canlı təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatları cəmləşdirən kompüter məlumat bazası yaradılmış, toplanılmış materiallar əsasında “İlandağ geoparkı” kitabı nəşr olunmuşdur.
Bölmənin “Elm və təhsil” şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Naxçıvan Bölməsinin 2020-ci ildəki fəaliyyəti barədə məruzə ilə çıxış edərək bildirib ki, il ərzində elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 38 iş 97 mərhələdə yerinə yetirilib. AMEA Naxçıvan Bölməsindən seçilən 2 nəfər akademik və 6 nəfər müxbir üzvün il ərzində 100 əsəri, o cümlədən 6 monoqrafiyası, 3 kitabı, 1 dərslik, 1 metodik vəsait, 65 elmi məqaləsi, 24 konfrans materialı çapdan çıxıb. Ərsəyə gətirilən əsərlər sırasında “Azərbaycanın dövlətçilik tarixində Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, “Əlincəçay mahalının epiqrafik abidələri”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri”,“Qədim Culfa”, “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” və digər tədqiqat əsərləri mühüm elmi əhəmiyyətə malikdir.
Bölmənin istehsalyönümlü fəaliyyətinə diqqət çəkən məruzəçi vurğulayıb ki, cari ildə Qabıllı və Duzdağdan gətirilmiş gil nümunələrinin tərkibləri müəyyən edilmiş, onlardan palçıq və toz şəklində yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilmişdir. “Şorsu” palçığının quru və palçıq formasında istehsalı davam etdirilmiş, Biləv alüminium süxurundan müəyyən miqdarda kalium alüminium zəyi alınaraq qablaşdırılmışdır.
O qeyd edib ki, bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasında artıq gülab istehsalına başlanılıb. Bununla yanaşı gələcəkdə laboratoriyanın imkanlarından istifadə etməklə nanə cövhəri, çaytikanı, kəklikotu, yovşan, razyanə, çöl nanəsi, üzərlik yağlarının istehsalı da planlaşdırılır.
Bildirilib ki, bölmə əməkdaşları cari il ərzində Vikipediya açıq ensiklopediyasında 20 yeni məqalə yerləşdirmiş, 5 yeni şablon yaratmış və 50-dən çox məqalə üzərində redaktə işləri aparmışdır.
Hesabat dövründə AMEA Naxçıvan Bölməsinin 20-dən çox elm və təhsil mərkəzi ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdıran O.Bağırov deyib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülmüş, fərdi və kollektiv tədqiqatlara cəlb edilərək uğurlu nəticələr əldə edilmişdir. Bölmənin 6 əməkdaşının rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak etmiş və əldə etdikləri nailiyyətlərə görə diplom və medallar qazanmışlar.Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş5 ixtisası üzrətəhsil alan tələbələrin iştirakı ilə bölmənin elmi-tətqiqat müəssisələrində tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasənAMEA Naxçıvan Bölməsinin elmi dərəcəsi olan əməkdaşların muxtar respublikanın ümumtəhsil məktəblərindəki nümunəvi dərslərin tədrisi həyata keçirilmişdir.Eyni zamanda bölmənin üç əməkdaşı şagirdlərə interaktiv dərs keçmişdir.
BölməninElmi kitabxanasının kitab fonduna 1074 ədəd kitab daxil edilmiş, 310 adda kitab və 414ədəd avtoreferat elektron kataloqlaşdırılmışdır. Elektron kartotekalara 1575 ədəd qəzet və jurnal məqalələrinin biblioqrafik təsviri daxil edilmişdir, tarixi və əlamətdar günlər münasibəti ilə 6, yeni kitablara dair 10 sərgi təşkil olunmuşdur. 5 sərgi virtual rejimdə oxuculara təqdim olunmuşdur.
AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli AMEA-nın və Naxçıvan Bölməsinin Fəxri Fərmanları, müxbir üzv Əbülfəz Quliyev, fəlsəfə doktorları Ələkbər Qasımov, Sahib Hacıyev və Akif Bayramov isə Bölmənin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Həmçinin bölmənin bir neçə əməkdaşı beynəlxalq və respublika əhəmiyyətli müsabiqədə müxtəlif dərəcəli diplom və mükafatla təltif olunmuşdur.
Daha sonra Bölmənin Rəyasət Heyətinin üzvləri, professor Hacıfəxrəddin Səfərli, akademik Tariyel Talıbov və professor Əbülfəz Quliyev çıxış edərək hesabatı qənaətbəxş qiymətləndirmiş və qəbul edilməsini təklif etmişlər. Sonda Naxçıvan Bölməsinin əməkdaşları – Bioresurslar İnstitutunun “Dənli, paxlalı və texniki bitkilər” laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Təsviri və dekorativ-tətbiqi sənətlər” şöbəsinin müdiri Fizzə Quliyeva 2020-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə Bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif ediliblər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür