AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə maarifləndirici seminar-müşavirə keçirilib.
“Fövqəladə halların ətraf mühitə təsiri, fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları” mövzusuna əhatə edən seminar-müşavirə bölmə əməkdaşlarına fövqəladə hadisələr, onların xüsusiyyətləri, habelə dəm qazından zəhərlənmə və digər xoşagəlməz hadisələr barədə ətraflı məlumat vermək, fövqəladə hallar zamanı davranış qaydalarını öyrətmək məqsədi daşıyıb.
Seminar-müşavirəni giriş sözü AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik fövqəladə halların nəticələrinin aradan qaldırıması zamanı insanların həyatının xilas edilməsi, onların qorunması, ətraf mühitə dəymiş zərərin minimuma endirilməsi və zərərli amillərin aradan qaldırılması məqsədilə həyata keçirilən axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin əhəmiyyətindən söz açıb.
Fövqəladə hadisələrin səbəb olduğu nəticələri xatırladan bölmə rəhbəri muxtar respublikada xüsusilə payız-qış mövsümündə aktuallıq kəsb edən dəm qazından zəhərlənmələrlə bağlı aparılan maarifləndirici söhbətlərin, görülən işlərin önəmini qeyd edib. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin təşəbbüsü ilə maarifləndirici seminar-müşavirənin keçirilməsini yüksək qiymətləndirib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov tədbirdə çıxış edərək Fövqəladə Hallar Nazirliyinin yaradılması, fəaliyyətinin əsas istiqamətləri, ixtisaslı kadrların yetişməsində, nazirliyinin komplektləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin mühüm rolundan danışıb.
Nazirlik əməkdaşlarının təkcə Azərbaycanda deyil, qardaş Türkiyə Cümhuriyyətində baş verən təbii fəlakət və meşə yanğınlarına aktiv müdaxiləsini, fasiləsiz həyata keçirilənaxtarış-xilasetmə və qəza-xilasetmə tədbirlərində göstərdikləri nümunəvi xidməti qeyd edib.
Mirtaleh Seyidov çıxışı zamanı fövqəladə hallardan qorunmanın yolları, mənzillərdə qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, dəm qazından zəhərlənmə hadisələrinin baş vermə səbəbləri və zəhərlənmə zamanı zərərçəkən şəxsə ilk yardımın göstərilmə qaydaları barədə məlumat verib. Can itkisinin, insan tələfatının olmaması üçün ayıq-sayıq olmağın, su qızdırıcılarından və digər təhlükəli avadanlıqlardan düzgün istifadənin vacibliyindən bəhs edib.
Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinin Yanğın nəzarəti işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Şıxəli Əliyev yanğın hadisəsi zamanı davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, yanğın təhlükəsizliyi sahəsində vətəndaşların və müəssisələrin hüquq və vəzifələri haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin baş inspektoru, daxili xidmət mayoru Turan Şahhüseynov zəlzələ hadisəsi zamanı davranış qaydaları, məişətdə civə dağılması zamanı görülməsi vacib olan tədbirlər, fövqəladə vəziyyətlərdə nazirliyin qaynar xəttinə (112) və 101 xidməti nömrəsinə dolğun məlumat vermənin önəmini diqqətə çatdırıb.
Slayd nümayişi ilə paralel davam edən çıxışların sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda İsmayıl Hacıyev maarifləndirici seminar-müşavirənin keçirilməsinə görə tədbirin təşkilatçılarına bölmə kollektivi adından minnətdarlıq edib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib