“Yeni Müsavat” qəzetinin 11 sentyabr 2024-cü il tarixli sayında dərc edilmiş “Elm yoxdursa, Elmlər Akademiyası nə ilə məşğuldur” adlı məqalədəki suala müəyyən aydınlıq gətirmək üçün 2023-2024-cü illərdə AMEA-da həyata keçirilən tədbirlər, görülən işlər haqqında yığcam hesabatı ictimaiyyətə çatdırmağı faydalı hesab edirik.
Milli Elmlər Akademiyası 3 noyabr 2023-cü il tarixdə dövlət səviyyəsində təsdiq olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin müəyyən etdiyi istiqamətlər və səlahiyyətlər əsasında fəaliyyətini davam etdirir. Bundan başqa, AMEA Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixdə təsdiq etdiyi “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərin say həddinin təsdiq edilməsi haqqında”kı qərarına uyğun olaraq tabeliyində olan 11 elmi-tədqiqat institutunun, regionlarda yerləşən 2 Elmi Bölmənin, 2 Elmi Mərkəzin və Ensiklopediya Mərkəzinin fəaliyyətinin istiqamətləndirilməsi, əlaqələndirilməsi, yeniləşdirilməsi və inteqrasiya proseslərinin həyata keçirilməsi ilə məşğuldur.
Əsasən humanitar və ictimai elmlər üzrə elmi-tədqiqat institutlarını əhatə edən AMEA-da müstəqil dövlətçilik idealları və dərsləri, azərbaycançılıq ideologiyası, ölkəmizin tarixi, folkloru, ədəbiyyatı, incəsənəti, Azərbaycan dili, arxeologiya, etnologiya, əlyazmaların tədqiqi, ədəbi-mədəni əlaqələrin, xalqımızın milli-mənəvi dəyərlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır, konfranslar təşkil olunur, müzakirələr aparılır, dissertasiyalar müdafiə edilir, monoqrafiyalar yazılır, təkliflər və tövsiyələr hazırlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2024-cü il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibədə irəli sürdüyü “Yeni tarixi dövrün milli ideologiyası necə olmalıdır” mövzusunda bir neçə dəfə keçirilən müzakirələrdə milli ideya məsələsinə dair konseptual elmi baxışlar formalaşdırılmışdır. Eyni zamanda, müstəqillik şəraitində Azərbaycanın çoxəsrlik tarixində böyük xidmətləri olmuş, lakin sovet hakimiyyəti illərində istismarçı siniflər adı ilə damğalanmış hökmdarların, sərkərdələrin, tanınmış bəy-xan, zadəgan şəcərələrinin, habelə qaçaq-quldur hesab edilmiş xalq qəhrəmanlarının həyatının və çoxcəhətli fəaliyyətinin əsaslı şəkildə tədqiq edilməsi, bu mövzularda monoqrafik tədqiqatların hazırlanması, xalqımıza və xarici dillərdə beynəlxalq ictimaiyyətə çatdırılması sahəsindəki boşluqların aradan qaldırılması üçün konkret tədbirlər müəyyən edilmişdir. Sovet dövründə Karl Marksın Formasiyalar nəzəriyyəsinə istinad etməklə hazırlanmış cəmiyyətin inkişaf yolunun dövrlərə bölünməsi təliminin əvəzinə ölkəmizin tarixinin, ədəbiyyatının, fəlsəfi fikrinin təkamül proseslərinin dövrləşdirilmə konsepsiyasının və inkişaf mərhələlərinin müstəqil dövlətçilik və azərbaycançılıq meyarları əsasında yenidən müəyyən edilməsi akademik elmi mühitin əldə etdiyi yeniliklərdəndir. Eyni zamanda, milli fəlsəfə anlayışının formalaşdırılması, materialist fəlsəfə ilə yanaşı, həm də idealist fəlsəfəyə dair baxışların nəzərdən keçirilməsi istiqamətlərində də geniş müzakirələr təşkil edilmiş, müvafiq elmi-təşkilati tədbirlər həyata keçirilmiş, modellər formalaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Heydər Əliyev İli” ilə əlaqədar AMEA-da geniş iş aparılmışdır. Dünyanın müxtəlif ölkələrinin Elmlər Akademiyaları və Universitetləri ilə birlikdə 2023-cü ildə Ulu Öndərin müstəqil dövlətçilik ideallarına və çoxcəhətli fəaliyyətinin ümumdünya tarixi əhəmiyyətinə həsr edilmiş AMEA Ümumi Yığıncağının xüsusi iclası və bir neçə beynəlxalq elmi konfrans keçirilmişdir. AMEA Humanitar və İctimai Elmlər Bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutlarında 52 monoqrafiya yazılıb nəşr edilməklə Heydər Əliyevşünaslığın elmi əsasları işlənib hazırlanmışdır. İki cilddə nəzərdə tutulan “Heydər Əliyev ensiklopediyası”nın bölmələri müəyyən edilmiş, sözlüyü tərtib olunmuşdur.
Prezident İlham Əliyevin çağırışlarına uyğun olaraq müxtəlif elmi-tədqiqat institutlarında Qərbi Azərbaycanın tarixi, folkloru, toponimikası, əlyazmalarının tədqiqi ilə bağlı yeni şöbələr yaradılmış və fəaliyyəti təmin edilmişdir. “Qərbi Azərbaycan ensiklopediyası”nın sözlüyü hazırlanaraq təsdiq edilmiş, müəlliflər heyəti müəyyən olunmuşdur. Eyni zamanda, dövlət başçımızın türk dünyası ilə bağlı həyata keçirdiyi məqsədyönlü tədbirlərin işığında AMEA Rəyasət Heyətinin genişləndirilmiş iclasında türkologiyaya həsr edilmiş geniş müzakirələr aparılmış, ayrı-ayrı struktur bölmələrdə türk fəlsəfə tarixi və müasir fəlsəfə, türk sənət tarixi və mədəni irsi şöbələrinin yaradılması sahəsində addımlar atılmışdır.
AMEA özünün fəaliyyət istiqamətlərini və strukturunu sovet dövründən qalma hərbi-sənaye kompleksinin inkişafına və keçmiş sovet ideologiyasının təbliğinə hesablanmış modeldən müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyası və dövlət başçımız tərəfindən müəyyən edilmiş milli prioritetlər əsasında qurmaq üçün genişmiqyaslı struktur islahatları aparır. Ötən iki ilə yaxın müddət ərzində bu məqsədlə AMEA-nın strukturunda olan Tarix və Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarının bazasında dünya standartlarına uyğun şəkildə yeni adda Tarix və Etnologiya İnstitutu, Arxeologiya və Antropologiya institutları yaradılmışdır. Müstəqil Azərbaycan dövlətinin çağırışları əsasında daxili imkanlar əsasına, yəni əlavə maliyyə vəsaiti və ştat tələb olunmadan Tarix və Etnologiya İnstitutunda Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı, Qərbi Azərbaycan tarixi, türk xalqlarının tarixi və etnologiyası, Tarixi Etnologiya, Atropatena və Albaniya şöbələri; Arxeologiya və Antropologiya İnstitutunda isə Xəzərin arxeologiyası, Məhkəmə arxeologiyası, islam arxeologiyası, arxeoloji abidələrin monitorinqi və başqa yeni şöbələr yaradılmış, həmin şöbələrin elmi istiqamətləri, elmi heyəti, vəzifələri, yaxın və uzaq hədəfləri müəyyən edilmişdir. Bu il Qarabağ ərazisində, o cümlədən qədim Azıx mağarasında Yaponiya və Almaniya arxeoloqlarının iştirakı ilə beynəlxalq elmi ekspedisiyalar təşkil olunmuşdur. Artıq Tarix və Etnologiya, Arxeologiya və Antropologiya institutlarında yeni yaradılmış şöbələrin əməkdaşlarının bu istiqamətlər üzrə Qarabağ və Zəngəzur, türk dünyası, Qərbi Azərbaycan, işğaldan azad olunmuş ərazilərin arxeologiyası, Xəzərin arxeoloji tədqiqi istiqamətlərində apardığı ilkin tədqiqatların nəticəsi olaraq elmi hesabatlar, tövsiyələr və təkliflər hazırlamaqda, məqalələr və kitablar çap olunmaqdadır.
Rəyasət Heyətinin iclasında “Xəzər dənizinin dəyişmə səviyyəsi: problemlər və vəzifələr”, “Xəzərin arxeologiyası: tarix və müasirlik” mövzularında keçirilmiş dinləmələr Akademiyada həyata keçirilən yeniləşdirmə hərəkatının meydana çıxardığı müzakirələrdir.
Məqsədimiz aparılan yeniləşdirmə prosesləri nəticəsində yazılmış yeni elmi əsərlərin ən aktual olanlarını xarici dillərə çevirərək Avropa və Asiya ölkələrində çap etdirməkdən ibarətdir. Bu günlərdə Xəzərin arxeologiyası işini təşkil etmək üçün Xəzər Gəmiçiliyi İdarəsi ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanması da nəzərdə tutulur.
Qeyd etmək istəyirəm ki, qısa müddət ərzində AMEA-nın digər institutlarında, regionlardakı Bölmələrdə və Mərkəzlərdə də daxili imkanlar hesabına geniş miqyaslı struktur islahatları həyata keçirilmişdir. Müxtəlif elmi-tədqiqat institutlarında paralellik təşkil edən və ya vaxtilə lüzumsuz yerə subyektiv məqsədlərlə açılmış 15-ə yaxın şöbə, sektor, qrup ləğv edilmiş, bir neçəsi birləşdirilmişdir. Bundan başqa, Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi, Memarlıq və İncəsənət İnstitutunda Musiqi folkloru, Türk sənət tarixi və mədəni irsi, Dilçilik İnstitutunda Toponimika, Əlyazmalar İnstitutunda Nizami Gəncəvi əlyazmalarının tədqiqi, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Qafqazşünaslıq İnstitutunda Qafqaz xalqlarının tarixi şöbələri yaradılmış, Gəncə Bölməsində Əlişir Nəvai Mərkəzi açılmış, Lənkəran və Şəki Elmi Mərkəzlərində kitabxana formalaşdırılmışdır. Yeni yaradılmış strukturlarda Qərbi Azərbaycan, Qarabağ, Şərqi Zəngəzur və Böyük Qayıdışla əlaqədar ilk monoqrafiyalar, məqalələr, toplular artıq ictimaiyyətin istifadəsinə çatdırılmışdır. Ümumiyyətlə, son 2 ildə Akademiyada elmi jurnalların da, monoqrafiyaların da, elmi məqalələrin də, xarici dillərdə nəşrlərin də, tərcümə edilmiş elmi əsərlərin də, Akademiya əməkdaşlarının əsərlərinə istinadların da sayı ən azı 2 dəfə artmışdır. Heç şübhəsiz, keyfiyyət etibarilə hamısı eyni elmi səviyyədə olmayan çap məhsullarının içərisində ölkə miqyasında diqqəti cəlb edən, xarici elmi rəyin müsbət reaksiyasını qazanan nəşrlər də vardır.
AMEA-nın beynəlxalq əlaqələri genişləndirilmişdir. Akademiyanın tarixində ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyası 3 əsas beynəlxalq elmi təşkilatın: Beynəlxalq Akademiyalararası Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Elmi Şuranın, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının səsvermə hüququna malik olan üzvü seçilmişdir. Beynəlxalq elmi təşkilatların işində tamhüquqlu üzv kimi iştirak etmək Akademiya əməkdaşlarının dünya elminin nailiyyətlərini, aparıcı istiqamətlərini, problemlərini daha yaxından öyrənmələrinə, beynəlxalq tədbirlərdə bərabər hüquqlara malik olan üzv kimi daha fəal iştirak etmələrinə, dünya elminə inteqrasiya proseslərinin daha intensiv şəkildə təşkilinə imkan yaradır. Həm də beynəlxalq elmi təşkilatların üzvü olmaq AMEA-nın da dünya elmi sistemində varlığının rəsmiləşdirilməsinə və inkişaf proseslərində tərəfdaş kimi real iştirak etməsinə təminat verir. Dünya Akademiyaları ilə əlaqələr ortaq layihələrin də işlənib hazırlanmasına imkan yaradır. AMEA hazırda Çin Sosial Elmlər Akademiyası ilə “Xəzərdən Çin səddinədək” elmi layihəsini birgə icra etməklə bərabər, Bolqarıstan Elmlər Akademiyası ilə qədim Duzdağ mədəniyyəti və ilkin məskunlaşma, Özbəkistanla çoxəsrlik ədəbiyyat tarixlərimizin qarşılıqlı hazırlanması və nəşri, Gürcüstanla Nizami Gəncəvi və Şota Rustaveli, Polşa ilə doktorantura üzrə Erasmus proqramı çərçivəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, Tacikistanla Nizami Gəncəvi və Əbdürrəhman Cami irsinin ortaq tədqiqi və sair kimi layihələrinin icrasına start vermişdir. Yeri gəlmişkən deyək ki, Gürcüstanda Şota Rustaveli adına Ədəbiyyat İnstitutu ilə 2022-2023-cü illərdə ortaq şəkildə Azərbaycan, gürcü və ingilis dillərində hazırladığımız “Nizami Gəncəvi və Şota Rustaveli” adlı monoqrafiya Böyük Britaniyada, dünyada məşhur olan Kembric Universitetində kitab halında nəşr olunmuşdur. Bu, Akademiyanın bütün tarixi ərzində Kembric Universitetində nəşr edilən azsaylı elmi tədqiqatlardan biridir və Avropada Nizami Gəncəvinin dahi Azərbaycan şairi kimi tanıdılması baxımından əhəmiyyətli addımdır.
Bundan başqa, 2024-cü ildə AMEA-da iki məşhur Nobel mükafatı laureatı ilə keçirilən görüşlər və aparılan müzakirələr də beynəlxalq elmi əlaqələrimizin inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli olmuşdur. Nobel mükafatı laureatı, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina Universitetinin professoru, türk dünyasının fəxri, Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın Ümumi Yığıncağının qərarı ilə Akademiyamızın fəxri üzvü seçilməsi və onun bu ilin iyun ayının əvvəllərində Akademiyaya dəvət olunaraq ölkə üzrə “Əziz Səncər həftəsi”nin keçirilməsi Akademik elmin üfüqlərinin genişləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Banqladeşdən olan və hazırda Banqladeş Müvəqqəti Hökumətinə rəhbərlik edən Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusla keçirilən görüş də akademik çevrəmizin yaddaqalan hadisəsinə çevrilmişdir. Bu görüşlər və müzakirələr 17 noyabr 2023-cü il tarixdə AMEA-da “Nobel mükafatı: reallıqlar, problemlər və çağırışlar” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransın məntiqi davamı olub, Azərbaycan elmini Nobel mükafatına layiq görülmüş məşhur dünya alimlərinin işlədikləri elmi istiqamətlərə yönləndirməyə və yeni elmi nəsli bəşəri elmi dəyərlərin tədqiqinə doğru istiqamətləndirməyə xidmət edir.
Elektron elmin inkişaf etdirilməsi sahəsində də son iki ildə AMEA-da mühüm addımlar atılmışdır. AMEA Rəyasət Heyəti Aparatında daxili imkanlar hesabına yaradılmış “Elektron Akademiya” şöbəsi Akademiya əməkdaşlarının elmi nailiyyətlərinin elmmetrik qiymətləndirilməsi üçün İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası (İREMB) təsis etmiş, ilk dəfə olaraq Akademiyada çalışan 1700 əməkdaşın elmi profili (onlardan 980-ni aktiv olmaqla) yaradılmışdır. Yenə də ilk dəfə olaraq AMEA-nın tərkibində olan 11 elmi-tədqiqat institutunda sağlam rəqabət mühiti formalaşdırmaq məqsədilə zəruri elmmetrik göstəricilər əsasında reytinq meyarları müəyyən edilmiş, elmi müəssisələrin yerinə görə sıralanması elan olunmuş və inkişaf üçün ən mühüm trendlər təşviq edilmişdir. Türkiyə Cümhuriyyətinin TÜBİTAK elmi təşkilatı ilə 2024-cü ilin fevral ayında qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə imzalanmış və ilk dəfə olaraq AMEA-nın 3 elmi jurnalı türk dünyası üçün mühüm əhəmiyyətə malik olan TÜBİTAK-ın Ulaqbim – Dərgipark şəbəkəsinə daxil edilmişdir. AMEA Rəyasət Heyətində və elmi-tədqiqat institutlarında nəşr edilən 17 elmi jurnalın elektron bazası yaradılmışdır. AMEA-nın Humanitar və İctimai Elmlər Bölmələrinin əməkdaşlarının yüksək reytinqli beynəlxalq bazalara daxil olan elmi jurnallarda məqalələrinin çap olunmasını təşviq etmək məqsədi ilə maliyyə baxımından ilkin stimullaşdırma tədbirləri həyata keçirilmişdir. AMEA üzrə süni intellekt və rəqəmsal inkişaf üzrə tədqiqatların aparılması və dünya elminin bu istiqamətlərinin Humanitar və İctimai elmlər sahəsinə transformasiya edilməsi üçün müzakirələr keçirilmişdir. Bu il, 14 iyul 2024-cü il tarixdə AMEA-da “Süni intellekt və rəqəmsal inkişaf: problemlər və çağırışlar” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda elmi məruzələrlə çıxış edən xarici ölkə alimləri ilə əlaqələrimizi genişləndirməklə, həmin elmi istiqamətlərin Akademiyada tətbiqinə nail olmaq üçün tədbirlər müəyyən edilmişdir. Doğrudur, beynəlxalq təcrübədə dəqiq və texniki elmlərlə müqayisədə humanitar və ictimai elm sahələrinin yüksək reytinqli beynəlxalq elmi jurnallarda iştirakı ən yaxşı halda üçdə bir nisbətindədir. Humanitar və ictimai elmlər əsasən ölkə maraqlarına, milli mənafelərə xidmət edən tədqiqatları əhatə etdiyi üçün bu sahədə aparılıb konkret region, ölkə və xalq üçün əhəmiyyətli hesab edilən mühüm elmi nəticə beynəlxalq bazalarda təmsil olunan jurnalların təsisçiləri, redaksiya heyətləri və ya rəyçiləri üçün heç də həmişə cəlbedici sayıla bilmir. Burada hər hansı bir ölkənin milli və dövlətçilik maraqlarının beynəlxalq elmi ekspertlərin maraqları ilə obyektiv, çox hallarda isə subyektiv şəkildə üst-üstə düşmədiyi məqamlar da kifayət qədərdir. Bu və ya digər səbəblərdən humanitar və ictimai elmlər elmmetrik göstəricilər üzrə rəqabətdə təbii olaraq birincilik uğrunda yarışmaq imkanına malik deyildir. Çin Xalq Respublikası bu məsələni həll etmək üçün Çin Sosial Elmlər Akademiyasının bazasında və universitetlərdə humanitar və ictimai elmlər yönümlü yüksək reytinqli jurnallar təsis etmək sahəsində iş aparmaqla məsələni qismən həll etməyə nail olmuşdur. Əks halda, Çin Xalq Respublikası sosialist ölkəsi olduğu üçün o ölkənin alimlərinin Çinin təcrübəsi, inkişaf prosesləri, elmi-texniki nailiyyətləri haqqında yazdıqları elmi məqalələri Qərbdə yerləşən və idarə olunan beynəlxalq reytinqli jurnallar birmənalı şəkildə qarşılanmadıqlarına görə dünyada ön mövqeyə çıxmış bu ölkənin humanitar və ictimai elmlər üzrə mühüm xidmətləri olan tanınmış elm adamları hətta öz ölkələrində arxa planda qalan tədqiqatçılar hesab oluna bilərlər. Bütün bu obyektiv və subyektiv səbəblərə baxmayaraq, AMEA Humanitar və İctimai Elmlər sahəsində çalışan elm adamlarının beynəlxalq elmmetrik rəqabətə cavab verən tədqiqatlar aparmaları, yüksək reytinqli elmi jurnallarda daha çox məqalələr çap etdirmələri və beləliklə, beynəlxalq elmi mühitdə daha fəal təmsil olunmaları üçün səylərini artırılmalıdır.
AMEA-nın tərkibində olan Respublika Seysmoloji Xidmət Mərkəzinin işinin daha səmərəli təşkili istiqamətində də konkret addımlar atılmışdır. Azərbaycanın seysmoq alimlərinin Türkiyə Cümhuriyyətinin seysmoloqları ilə elmi əlaqələrini daha da sistemli şəkildə qurmaq üçün 2023-cü ilin may ayında qardaş ölkənin AFAD təşkilatı ilə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır. Azərbaycan seysmoloqları Türkiyənin zəlzələ baş vermiş zonalarında birgə tədqiqatlar aparmışlar. Akademiyanın Seysmoloji Xidmət Mərkəzinin bazasında “Qafqazda seysmik təhlükə risqləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda Amerika, Türkiyə, Böyük Britaniya, Rusiya, Çin, Kanada, Orta Asiya ölkələrinin, Gürcüstanın tanınmış seysmoloq alimlərinin məruzələri dinlənilmiş, birgə fəaliyyət üçün razılaşma sənədi qəbul edilmişdir. Seysmologiya ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsindəki mövcud boşluq nəzərə alınmaqla, bu ixtisas üzrə doktoranturanın yaradılması üçün müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılması üçün addımlar atılmışdır.
Elmin gələcəyi məsələsi də AMEA-nın diqqət mərkəzində olmuşdur. Respublika miqyasında bütün elm sahələri üzrə 50 yaşa qədər elmlər doktorlarının, 29 yaşa qədər fəlsəfə doktorlarının azalmaqda olması elmlə məşğul olan bütün qurumları düşündürməlidir. AMEA-da bu istiqamətdə zəruri elmi-təşkilati işlər aparılmaqdadır. Akademiyanın tarixində ilk dəfə olaraq 2023-cü ildə gənc alimlər üçün AMEA-nın Gənclər mükafatı və “İlin gənc alimi” fəxri diplomu təsis edilmiş, müsabiqə təşkil olunmuşdur. Gənc Alimlər və Mütəxəssislər Şurasının tərkibi yeniləşdirilmiş, gənc tədqiqatçıların xarici ölkələrdə elmi konfranslara, staj təcrübəsi keçməyə göndərilməsinə diqqət artırılmışdır. “Gənc tədqiqatçı” jurnalının dövriyyəsi ildə 4 dəfəyə çatdırılmış saylarından birinin ingilis dilində nəşri təmin edilmişdir. Yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığımız “Gənc Akademiya” layihəsi də gənc elmi qüvvələrin, elmin gələcəyinin inkişaf etdirilməsinə hesablanmışdır. Bu il 2011-ci ildən keçən 13 il ərzində ilk dəfə olaraq doktoranturaya sənəd təqdim edənlərin kəmiyyət göstəricilərinin nəhayət ki, doxsan faizə çatması elmə gəncliyin marağının artırmaqda olduğunu göstərir və bu cəhətdən artıq bəzi ixtisaslara qəbulda rəqabət mühitinin yaranması müsbət tendensiya kimi qiymətləndirilməlidir.
Qeyd etmək istəyirəm ki, 2023-cü ildə Azərbaycan elmi beynəlxalq reytinq göstəricilərində əvvəlki illərlə müqayisədə irəli getmişdir. Belə ki, Scopus bazasının elmmetrik məlumatlarına əsasən Azərbaycan Respublikası 2021-2022-ci illərdə dünyanın 203 ölkəsi arasında 92-ci yeri tutduğu halda, 2023-cü ildə 6 addım irəli gedərək 86-cı yeri qazanmışdır. Şərqi Avropanın 23 ölkəsi arasında da 2023-cü ildə Azərbaycanın reytinqi yüksəlmişdir. Ölkəmiz Şərqi Avropa üzrə 2021-2022-ci illərdəki 18-ci yerdən 15-ci yerə qalxmışdır. Qonşularımız olan Cənubi Qafqaz ölkələri ilə müqayisədə də Azərbaycan Respublikasının göstəricilərində müəyyən fərq müşahidə olunur. Scopus-un hesablamalarına görə 2023-cü ildə Azərbaycan 86-cı yerdə, Gürcüstan 87-ci yerdə, Ermənistan isə 98-ci yerdə qərar tutmuşdur. Bu irəliləyişlərin qazanılmasında heç şübhəsiz ki, ölkəmizdə tərkibində elmi-tədqiqat institutları olan nazirliklərdə təmsil olunan bütün elmi qurumların və universitetlərin hər birinin özünəməxsus payı vardır.
Eyni zamanda, hesab edirik ki, Scopus-un ölçmələrinin təhlilindən çıxarılan AMEA-nın tədqiqat və sosiallaşdırma reytinqində 2021-2022-ci illərlə müqayisədə 2023-cü ilə dair nəzərəçarpan müsbət irəliləyiş də elm sahəsində ölkəmizin reytinqinin yüksəlməsinə akademik elmin yeniləşdirmə sahəsindəki səylərinin verdiyi töhfədir.
Əlbəttə, ictimaiyyətə təqdim etdiyimiz bu yığcam hesabat AMEA-da son iki il, 2023-2024-cü illər ərzində həyata keçirdiyimiz işlərin, başlanan yeniləşdirmə tədbirlərinin, keçirilən elmi konfransların, çap olunan nəşrlərin heç də hamısını əhatə etmir. Sadaladığımız və qeyd etmədiyimiz tədbirlər Akademiyanın başlanğıc mərhələsindəki yeniləşmə proseslərinə dair əməli addımlardır. Həm də haqqında danışdığımız struktur islahatları və elmi nəticələr heç də o demək deyildir ki, AMEA-da nöqsanlar, çatışmazlıqlar, həlli zəruri olan problemlər yoxdur. İlk növbədə müstəqil Azərbaycanda yeni cəmiyyət quruculuğunda, azərbaycançılıq ideallarının, milli-mənəvi dəyərlərin elmi cəhətdən əsaslandırılmış şəkildə tədqiq edilib xalqımıza, xüsusən yeni nəsillərə çatdırılmasında AMEA daha fəal çalışmalıdır. Heç şübhəsiz, beynəlxalq elmi məkanda, elmmetrik göstəricilərə əsaslanan yüksək reytinqli beynəlxalq elmi bazalarda AMEA-nın yerinin və mövqeyinin artırılması da Akademiya Rəyasət Heyətinin qarşısında duran məsul vəzifələrdəndir. Elmin sabahını təmsil edəcək gənc istedadlı qüvvələrin hazırlanmasının da daha intensiv yolları axtarıb tapılmalı, həmin istiqamətdə daha fəal iş aparılmalıdır. Fikrimizcə, doktorantura təhsilində Qərb ölkələrində olduğu kimi, təsdiq olunmuş tədris proqramları, fənlər üzrə kredit normaları olan tədris prosesinə keçilməsi də zamanın tələbidir.
Nəhayət, “Yeni Müsavat” qəzetində ictimaiyyəti məlumatlandırmaq üçün imkan yaradan “AMEA nə ilə məşğuldur” sualını cavablandıraraq bildirmək istəyirik ki, AMEA öz işi ilə məşğuldur, səlahiyyətlərinə aid olan vəzifələri yerinə yetirmək məqsədilə səylər göstərir, ölkəmizin digər elmi qurumları və ali məktəbləri ilə qarşılıqlı əlaqədə qarşıya çıxan problemləri birgə həll etmək üçün mövcud imkanları ilə çalışmaqda davam edir.
Hazırda AMEA özünün islahatlar və yeniləşdirmə mərhələsinin başlanğıc dövrünü yaşayır. Məlum olduğu kimi, elmdə böyük nəticələrin əldə edilməsi üçün müəyyən vaxt tələb olunur. Bütün qüvvələrimizi səfərbər etməklə və yeniləşdirmə proseslərini məqsədyönlü şəkildə davam etdirməklə başlanğıc dövrdə müəyyən edilən istiqamətlər, atılan təməllər və görülmüş hazırlıq işləri əsasında çox da uzaq olmayan illərdə daha mühüm nəticələrin əldə ediləcəyinə inanırıq.
Hörmətlə,
İsa HƏBİBBƏYLİ
AMEA-nın prezidenti,
akademik
15 sentyabr 2024-cü il"
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib