AMEA Naxçıvan Bölməsi

İsmayıl Hacıyev: Prezidentimiz bu haqqı 20 illik fəaliyyəti ilə qazanıb


08.02.2024 / 11:48Mühüm hadisələr



Ölkəmizdə Prezident seçkiləri xalqımızın yüksək əhvali-ruhiyyəsi və fəallığı şəraitində başa çatdı. Qürur duyuruq ki, hər bir yurdsevər vətəndaşımız Azərbaycanın gələcək taleyinə məsuliyyətlə və diqqətlə yanaşmış, ən layiqli namizədə səs vermişdir. Respublikamızda ilk dəfə idi, seçkilər ölkəmizin ərazi bütövlüyünün bərpası və suverenliyinin qazanılması şəraitində keçirildi. İşğaldan azad edilmiş ərazilərimizdə yaradılmış 26 seçki məntəqəsində də vətəndaşlarımız yüksək vətəndaşlıq nümunəsi göstərərək cənab İlham Əliyevə səs verdi. O, bu haqqı son 20 ildəki fəaliyyəti ilə qazanmışdır. Prezidentimiz həm 44 günlük Vətən müharibəsində, həm qlobal antiterror əməliyyatlarında Ali Baş Komandan həm də mahir diplomat, qüdrətli dövlət xadimi kimi özünü bir daha təsdiq etdi. Respublika əhalisinin tam əksəriyyəti qürur duyur ki, ölkəmizə dünyada çox böyük hörmət və nüfuz sahibi olan İlham Əliyev rəhbərlik edir. Seçki ərəfəsində də xalqımızın müxtəlif təbəqələrinin nümayəndələri birmənalı şəkildə İlham Əliyevi dəstəkləyəcəklərini gizlətməyib açıq şəkildə söyləyirdilər. Çünki Azərbaycan Respublikasında Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Muxtar respublikamızın sakinləri həmişə olduğu kimi bugünkü seçkidə də yüksək fəallıq nümayiş etdirərək axın-axın seçki məntəqələrinə gəlir və səsvermə hüquqlarından istifadə edirdilər. Elə bilirəm ki, muxtar respublikamızda səsvermə faizi ən yüksəkdir. Naxçıvan Muxtar Respublikasının bütün ziyalıları adından cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edir, ölkəmizin rifahı və inkişafı naminə qətiyyətli liderimizə uğurlar və yüksək nailiyyətlər arzulayıram.