Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya AMEA-nın Naxçıvan Bölməsində olub. Bölmənin sədri, akademik İsmayıl Hacıyevin və elmi-tədqiqat müəssisələri rəhbərlərinin iştirakı ilə baş tutan görüşdə həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb.
İsmayıl Hacıyev əvvəlcə muxtar respublikaya təyinatı münasibətilə Asip Kayanı təbrik edib, baş konsula fəaliyyətində uğurlar arzulayıb.
Naxçıvan Bölməsinin fəaliyyəti dövründə Türkiyə Cümhuriyyətinin muxtar respublikadakı Baş Konsulluğu ilə sıx əməkdaşlıq etdiyini bildirən akademik bu münasibətlərin gələcəkdə də uğurlu davamına əminliyini ifadə edib. Söhbət zamanı İsmayıl Hacıyev Naxçıvan Bölməsinin Ulu öndər Heydər Əliyevin bölgənin mühüm strateji mövqeyi ilə əlaqədar olaraq imzaladığı sərəncama əsasən yaradıldığını diqqətə çatdırıb, bölmənin ümumi fəaliyyəti, burada fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri, o cümlədən bugünədək nəşr olunmuş elmi, fundamental əsərlər barədə qonağı bilgiləndirib.
Qeyd olunub ki, AMEA Naxçıvan Bölməsi Türkiyənin bir neçə elm və təhsil müəssisəsi, eləcə də türkiyəli elm adamları ilə səmərəli əməkdaşlığını davam etdirir. 2022-ci il may ayının 24-də Türk Tarix Qurumu ilə Naxçıvan Bölməsi arasında birgə əməkdaşlığa dair müqavilə imzalandığını, oktyabr ayında isə həmin əməkdaşlıq çərçivəsində bölmənin bir qrup əməkdaşının Ankara şəhərinə dəvət olunduğunu xatırladan akademik bildirib ki, bu əlaqələr gələcəkdə daha da geniş və faydalı şəkildə davam etdiriləcəkdir.
Sonra İsmayıl Hacıyev qonağa kitablar hədiyyə edib.
Baş konsul Asip Kaya çıxış edərək özünü təqdim edib, diplomatik fəaliyyəti barədə məlumat verib. Muxtar respublikaya təyinatından, burada xidmət etməkdən məmnunluq duyduğunu bildirən qonaq humanitar, iqtisadi və elm sahəsində mümkün əməkdaşlıqlardan, Naxçıvanın turizm potensialından söz açıb. İki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğuna diqqət çəkən Asip Kaya “Şuşa bəyannaməsi” ilə rəsmiləşdirilən Türkiyə - Azərbaycan müttəfiqliyini, ən çətin zamanlarda bir-birinə göstərdikləri mənəvi dəstəyi bu qardaşlığın dünyaya bəyanı kimi səciyyələndirib. Qonaq söyləyib ki, Naxçıvanın mühüm geosiyasi mövqeyi, yaxın zamanda Zəngəzur dəhlizinin açılması ilə bölgənin daşıyacağı strateji önəm mədəni fikir mübadiləsinin vacibliyini şərtləndirən amil olmaqla bərabər, hər iki ölkə arasında ortaqlığın elm sahəsində də davamını labüd edir.
Asip Kaya gətirdiyi hədiyyəni və Türk Tarix Qurumu tərəfindən hədiyyə olunan 80-ə yaxın kitabı İsmayıl Hacıyevə təqdim edib.
Görüşdə Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov Fondda mühafizə olunan türkdilli əsərlər, onların tədqiqi ilə bağlı məlumat verib, Türkiyə türkcəsində olan əlyazma və çap kitablarının toplanılmasına ehtiyac duyulduğunu bildirib.
Baş konsul daha sonra bölmənin elmi nəşrlərindən ibarət sərgi və Əlyazmalar Fondunun “Şərq zalı” ilə tanış olub. Tanışlıq zamanı zalın türkdilli ədəbiyyatlarla zənginləşdirilməsi ilə bağlı qarşılıqlı razılığa gəlinib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib