AMEA Naxçıvan Bölməsi

Ulu öndər Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan mövzusunda tədbir keçirilib


16.03.2023 / 11:56Mühüm hadisələr



Martın 15-də “Naxçıvan” Universitetinin konfrans zalında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı, ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin iştirakı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyevin, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun "Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarıdır", “Naxçıvan” Universitetinin “Ümumi tarix və beynəlxalq münasibətlər” kafedrasının müdiritarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun “Ulu öndər Heydər Əliyev irsinin gənc nəslə təbliğinin əhəmiyyəti”, Naxçıvan Müəllimlər İnstitutunun “Pedaqogika və Psixologiya” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyevanın“Ulu öndərimizin işıqlı yolu ilə Naxçıvan yeni-yeni zirvələr fəth edəcək” mövzularında çıxışlar dinlənilmişdir.

Çıxışlarda qeyd olunmuşdur ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

Diqqətə çatdırılmışdır ki, Ulu öndərin həyat və fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən dövrü doğma Naxçıvanla bağlıdır. Dahi şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atmışdır. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt ümummilli lider Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mübarizəyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu.Təkcə qədim Naxçıvan deyil, ümumilikdə, Azərbaycan nail olduğu sürətli yüksəlişə, daha dəqiq ifadə etsək, bugünki varlığına görə məhz dahi rəhbər Heydər Əliyevə borcludur. Müasir tariximizin böyük bir mərhələsini əhatə edən Heydər Əliyev həqiqəti mahiyyətinə görə son dərəcə geniş və zəngin tarixi siyasi mənəvi-ideoloji irsi özündə ehtiva edir. Ümummilli liderimizin bütün həyatı öz ölkəsinin və xalqının taleyi ilə bilavasitə bağlı olmuş, onun siyasi hakimiyyəti xalqımızın taleyinə müəyyənedici, istiqamətləndirici və həlledici təsir göstərmişdir.

Qeyd olunmuşdur ki, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli dahi şəxsiyyət Heydər Əliyevin xidmətləridir.