Naxçıvan Muxtar Respublikasında təbiətin mühafizəsi, ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, təbii sərvətlərdən məqsədyönlü və səmərəli istifadəyə nəzarətin artırılması istiqamətində mühüm işlər görülür.
Uzun illərdir ki, muxtar respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və yenilərinin yaradılması, mühafizə rejiminin gücləndirilməsi, infrastrukturun inkişafı, mütəmadi maarifləndirmə işlərinin aparılması ilbəil bu sahədə qeydə alınan irəliləyişin əsasını təşkil edir. Vurğulamalıyıq ki, 2001-ci ildən Naxçıvan Muxtar Respublikasında ovun qadağan olunması nəinki xüsusi mühafizə olunan təbiət ərazilərində, eləcə də onlardan kənarda heyvanat aləminin bərpasına səbəb olmuşdur. Bunun nəticəsi olaraq nadir növlər yaşayan ərazilərdə narahatedici faktorlar azalmış, vəhşi cütdırnaqlıların (dağ keçisi, dağ qoyunu, cüyür, çöl donuzu və s.) populyasiyaları bərpa olunmuş, sayları əhəmiyyətli dərəcədə artmışdır. Bu da öz növbəsində bir sıra nəsli kəsilmək üzrə olan yırtıcı heyvan növlərinin, xüsusilə də Naxçıvan təbiətinin incisi - bəbirlərin artıb çoxalmasına səbəb olmuşdur.Hal-hazırda bu diyar məhv olmaq təhlükəsində olan bəbir (Panthera pardus saxicolor), manul pişiyi (Otocolobus manul), dağ keçisi (Capra aegagrus), dağ qoyunu (Ovis orientalis) və başqa nadir heyvan növlərinin, demək olar ki, axırıncı sığınacaqlarına çevrilmişdir.
Naxçıvanda təbiətin tədqiqi və mühafizəsi sahəsində əldə olunmuş uğurlar bu sahədə çalışan beynəlxalq təşkilatların da diqqətini cəlb edir. Buradakı biomüxtəlifliyin davamlı öyrənilməsi və qorunması üçün bu qurumlar ciddi həvəs göstərirlər, çünki Qafqaz regionunda bəbir populyasiyasının bərpasının yalnız Naxçıvan ərazisində mümkünlüyü danılmazdır.
Gənc nəslin ekoloji tərbiyəsini gücləndirmək məqsədilə muxtar respublikanın zəngin biomüxtəlifliyinin, nadir fauna növlərinin qorunması, biologiyası və təbliği məqsədilə Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədovla Dənli, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, dosent Pərviz Fətullayev Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin razılığı və dəstəyi ilə təhsil işçiləri və şagirdlərin iştirakı ilə maarifləndirici görüşlər keçirmişlər.
29 sentyabr-10 oktyabr aralığında Ordubad rayonu üzrə 17 məktəbdə (Ordubad şəhər 3 saylı tam orta məktəb, Aza, Azadkənd, Aşağı Əndəmiç, Kotam, Gənzə, Nüsnüs, Kələki, Unus, Başdizə, Biləv, Parağa, Tivi, Xurs, Nəsirvaz, Bist və Üstüpü kənd orta məktəbi), Culfa rayonu üzrə 15 məktəbdə (Ləkətağ, Ərəfsə, Milax, Teyvaz, Qazançı, Xanəgah, Əlincə. Göydərə, Saltaq, Bənəniyar, Əbrəqunis, Kırna, Camaldın, Gülüstan və Yaycı kənd orta məktəbi) keçirilən görüşlərdə şagird və müəllimlərə Naxçıvan Muxtar Respublikasının flora və faunası haqqında ətraflı məlumat verilmiş, bukletlər paylanılmışdır.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib