AMEA Naxçıvan Bölməsi

Beynəlxalq simpoziumda Naxçıvan uğurla təmsil olunub


14.10.2022 / 11:22Mühüm hadisələr



Qardaş Türkiyə Cümhuriyyətinin Ərzincan şəhərində Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının Sədri Binəli Yıldırım və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin himayəçiliyi, Ərzincan Valiliyi və Ərzincan Bələdiyyəsinin təşkilatçılığı ilə 9-12 oktyabr tarixlərində “Beynəlxalq Türk Dünyası” simpoziumu keçirilib.

Ərzincan Binəli Yıldırım Universitetində baş tutan simpoziumda Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti Ersin Tatar, Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Birliyinin Sədri Binəli Yıldırım, Ərzincan valisi Mehmet Makas, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının Azərbaycan üzrə nümayəndəsi Həsən Həsənov, akademiklər İsa Həbibbəyli, İsmayıl Hacıyev, eləcə də tanınmış siyasət və elm adamları, müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislər iştirak ediblər. Dünyanın 43 ölkəsindən 800 iştirakçının qatıldığı simpozium əyani və onlayn formatda keçirilib.

Türklüyə, Türk dünyasının birliyinə töhfə vermək məqsədi daşıyan simpoziumda dil, folklor, tarix, mədəniyyət, maarif, iqtisadiyyat, nəqliyyat, turizm və ticarət əlaqələri, sosial və coğrafi faktorlar, dövlətçilik tarixi, hüquq, ilahiyyat, informasiya mübadiləsi və başqa mühüm sahələri əhatə edən elmi araşdırmalar uğurla təqdim olunub. Simpozium müddətində ortaq mədəni dəyərlərin, elmi düşüncənin, iqtisadi əlaqələrin və müasir inkişafın təhlilinə yönəlik müzakirələr, festival və sərgilər, konsert, habelə başqa fəaliyyətlər reallaşdırılıb.

Simpoziumun plenar iclasında Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Birliyinin Sədri Binəli Yıldırım çıxış edərək simpoziumun keçirilməsinin, burada aparılan fikir mübadiləsinin Türk dövlətlərinin birliyinə verəcəyi töhfələrdən danışıb.

Plenar iclasın sonunda Azərbaycan nümayəndə heyətinin tərkibində səhnəyə dəvət olunan akademik İsmayıl Hacıyev Binəli Yıldırıma Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun salamını çatdırıb, göndərdiyi hədiyyələri ona təqdim edib. Binəli Yıldırım Naxçıvanla bağlı xoş təəssüratlarını dilə gətirib, göstərilən diqqətə görə təşəkkür edib.

Daha sonra İsmayıl Hacıyev Naxçıvanın füsunkar təbiətinin, əzəmətli Haçadağın təsvir olunduğu rəsm əsərini universitetinin rektoru, professor Akın Leventə hədiyyə edib.

Simpozium öz işini türk dövlətlərinin paytaxt şəhərlərinin adlarını daşıyan iclas salonlarında keçirilən bölmə iclaslarında davam etdirib. Simpoziuma qatılan AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları – Bölmənin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvanın Azərbaycanın milli dövlət tarixində rolu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Elxan Məmmədov “Naxçıvan və Şərqi Anadolu xalq şeirində təbiət və heyvan obrazları” mövzulu məruzələrini uğurla təqdim ediblər.

Akademik İsmayıl Hacıyev Azərbaycan ərazisində ən qədim zamanlardan başlayaraq günümüzədək mövcud olmuş dövlətlərin tarixində Naxçıvanın roluna diqqət çəkib, mövzunu xronoloji ardıcıllıq əsasında şərh edib, Azərbaycan dövlətçiliyində varislik və coğrafi ərazi amillərinin mühümlüyünü vurğulayıb.

Oktyabrın 12-də “Ankara” salonunda baş tutan bölmə iclasına akademik İsmayıl Hacıyev rəhbərlik edib, Elxan Məmmədov isə “Astana” zalında keçirilən bölmə iclasında katiblik edib.

Simpoziuma onlayn qoşulan Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev, Dilçilik şöbəsinin müdiri, dosent Nuray Əliyeva və elmi işçi Nilufər Ağayeva isə müvafiq olaraq “XX əsrin əvvəllərində İngiltərənin Cənubi Qafqaz siyasətində erməni faktoru və Azərbaycana təsirləri (ingilis arxiv materialları əsasında)”, “Ərzincan və Naxçıvan şivələrinin səs sisteminin bəzi ortaq xüsusiyyətləri haqqında”, “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Mömünə Xatın və Açıq Səma Altında Muzey Kompleksi Naxçıvanda maddi və mədəni nümunələrin qorunmasında mühüm önəmə malikdir” mövzulu məruzələr ediblər.