AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub


19.09.2022 / 17:01Mühüm hadisələr



Şənbə günü AMEA-nın Naxçıvan Bölməsinin kollektivi “Muzey günləri” çərçivəsində Bəhruz Kəngərli Muzeyini ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli “Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən təsis olunan muzeyin direktoru Səbinə Əlincəli qonaqlara istedadlı rəssamın həyat yolu və özünəməxsus yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, 9 ekspozisiya zalından ibarət muzeydə ümumilikdə 1300-dən artıq eksponat mühafizə olunur. Onlardan 400-ə yaxın eksponat muzeydə sərgilənir. Burada görkəmli rəssama aid 61 orijinal əsərlə yanaşı, əsərlərinin böyüdülmüş fotosurətləri, özünə və ailə üzvlərinə məxsus məişət əşyaları nümayiş olunur. Həmçinin rəssam haqqında yazılmış əsərlər, Bəhruz Kəngərli yaradıcılığından təsirlənərək qələmə alınan, muzeyə bağışlanan rəsm əsərləri muzeyin ekspozisiyasına rəng qatır.

Vurğulanıb ki, məxsusi yaradıcılıq üslubu ilə böyük bir sənət məktəbi formalaşdıran Bəhruz Kəngərli Azərbaycan rəssamlığında realist rəssamlığın əsasını qoymuş, mənzərə janrının müstəqil janr kimi təşəkkülündə mühüm rol oynamışdır. Onun sulu boya,  yağlı boya, kömür və tuşla çəkdiyi əsərləri obyektin qüsursuz təsviri ilə bərabər, rəssamın hiss və düşüncələrinin ustalıqla əksi baxımından da dəyərlidir. Vətənpərvər rəssamın 30-a qədər əsərinin yer aldığı “Qaçqınlar” silsiləsi mənfur ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin dünyaya bəyanıdır. Milli-mənəvi dəyərlərimizin təbliği, tarixi abidələrimizin təsviri, erməni vandallığının ustalıqla qələmə alması onun el-obasına sevgisindən, Ellinizm mədəniyyətini əks etdirən əsərləri isə sahib olduğu zəngin dünyagörüşündən xəbər verir. Naxçıvan teatrında  çalışdığı dövr ərzində Bəhruz Kəngərli tamaşaların səhnə tərtibatının qurulmasında, səhnə dekorasiyasının hazırlanmasında müstəsna xidmət göstərmişdir.

Səbinə Əlincəli qeyd edib ki, ötən əsrin 30-cu illərində muzeyin yerləşdiyi binada Pedaqoji Texnikum fəaliyyət göstərmiş, ulu öndər Heydər Əliyev 1938-1939-cu illərdə burada təhsil almışdır. Ulu öndərin xatirəsini əbədiləşdirmək məqsədilə burada Heydər Əliyevin xatirə otağı yaradılmışdır.

Sonda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muzeyin 2002-ci ildə keçirilən təntənəli açılış mərasiminin video-görüntülərindən ibarət kompakt-diski bölmə adından muzeyə hədiyyə edib.