AMEA Naxçıvan Bölməsi

Naxçıvan göycəsi haqqında məqalə İrsdə dərc olunub


09.09.2022 / 16:25Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırovun Naxçıvanın dadı dillər əzbərinə çevrilmiş brend meyvəsi - Göycədən bəhs edən məqaləsi “İrs” Beynəlxalq Azərbaycan jurnalının yeni sayında dərc olunub.

Məqalədə qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının əlverişli torpaq-iqlim xüsusiyyətlərinə malik olması hələ qədim zamanlardan burada meyvəçiliyin inkişafına zəmin yaratmış, Xarabagilan, Kültəpə və digər yerlərdəaparılan arxeoloji qazıntılar zamanı tapılanərik, şaftalı, alça və başqa mey­və çəyirdəkləri Naxçıvanda meyvəçiliyin ta­ri­xinin üç min il öncəyə dayandığı təsdiq olunmuşdur. Arxeoloji araşdırmalarla yanaşı müxtəlif mənbələrdə Naxçıvanda meyvəçiliyin inkişafı ilə bağlı məlumatlara diqqət çəkən müəllif XIX əsrin II yarısı - XX əsrin birinci yarısına aid bəzi statistik qeydləri diqqətə çatdırır.

Vurğulanır ki, Naxçıvanın çəyirdəkli meyvə bitkiləri hər zaman ölkə sərhədlərindən kənarda da yüksək qiymətləndirilmiş, hətta XIX əsrin sonu və XX əsrin əvvəllərində ABŞ və Almaniyada keçirilən beynəlxalq meyvə sərgilərində Naxçıvan əriyi və şaftalısı mükafata layiq görülmüşdür. Tədqiqatçı məqaləsində ermənilərin bütün sahələrdə olduğu kimi meyvə sortlarımızı mənimsəmə cəhdlərinə diqqət çəkərək bildirir ki, bədxahlar Naxçıvanın yerli meyvə sortlarının adlarını dəyiş­dirməyə çalışaraq Şalax, Ağ ərik, Növrəst, Ağ növrəst və s. yerli ərik sortlarını “erməni sortları kimi” təqdim edirlər.

Tarixən xalq seleksiyaçıları özlərinə məxsus üsullarla ərazidə mövcud olan təsərrüfat əhəmiyyətli alça növlərindən bir çox yerli sortlar yetişdirmişlər. Bu sortlar iqlim şəraitinə asan uyğunlaşması, keyfiyyəti, məhsuldarlığı, xəstəlik və ziyanvericilərə qarşı davam­lığınagörə sənaye və seleksiya baxımından mühüm əhəmiyyətə malikdir ki, hazırda becərilən alça genofondunun 72.8 %-i yerli sortlardan ibarətdir.

“Naxçıvan göycəsi ölkənin bir çox rayonlarında becərilsə də, meyvəsinin dadına və keyfiyyətinə görə “Naxçıvan göycəsi” tamamilə seçilir, - deyən alim muxtar respublikanın relyef quruluşunun, iqlim şəraitinin bitkinin vegetasiya dövrünə təsirini əsaslandırır. Bildirir ki, meyvənintərkibi A, B1, B2, B9, C, E, P vitaminləri, turşular, şəkər, kalsium, kalium, fosfor və başqa maddələrlə zəngindir. Göycə orqanizmin immun sistemini və birləşdirici toxumaları gücləndirir, xüsusilə diş ətinin güclənməsinə kömək edir, qanda xolesterinin səviyyəsini aşağı salır,hipertoniya və qan azlığından əziyyət çəkənlər üçün olduqca faydalıdır. Sakitləşdirici təsirinə görə stressə qarşı qoruyucu, pəhriz zamanı çəki azalmasına köməklik edən, susuzluğu tez yatıran, həmçinin iştahaçıcı vasitədir. Yetkin meyvələrindən hazırlanan məhsullar istifadə perspektivi ilə diqqəti cəlb edir.

Muxtar respublikada göycə istehsalının artırılması ilə yanaşı, təbliği və tanıdılmasına da diqqətlə yanaşıldığını, 2016-cı ildən başlayaraq keçirilən “Göycə” festivalı sayəsində bu meyvəyə marağın ildən-ilə daha da artdığını və onun dünya səviyyəsində brend kimi tanınmasında böyük əhəmiyyətdən bəhs olunur.