AMEA Naxçıvan Bölməsi

Gənc tədqiqatçının məqaləsi Özbəkistanda dərc edilib


05.08.2022 / 17:13Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası laboratoriyasının elmi işçisi Kübra Vəliyevanın “Patoloji terminlərin leksik-semantik xüsusiyyətlərinin Azərbaycan və ərəb dillərində təhlili” adlı məqaləsi Özbəkistanda, Buxara Dövlət Universitetinin “Elmi xəbərlər” beynəlxalq indeksli jurnalında dərc olunub.
Tibbi terminologiyanın bir sahəsini də patologiya (xəstəliklər və cərrahiyyə) ilə bağlı terminlər təşkil edir. Patoloji terminlər tibbi terminlərin aktuallığı ilə seçilən bir bölməsidir. Azərbaycan və ərəb dilinin leksikasında işlənən xəstəliklər və cərrahiyyə ilə bağlı terminlərin yaranması, alınması, işlənməsi və s. kimi xüsusiyyətləri qədim tarixə malik olduğu üçün onların tədqiqi büyük maraq doğurur.
Məqalədə patoloji tibbi terminlərin hər iki dildə məna xüsusiyyətləri araşdırılır, onların incəlikləri və özünəməxsusluqlarının elmi mənzərəsi barədə məlumat verilir. Müəllif belə nəticəyə gəlir ki, patologiyaya məxsus tibb terminlərinin müqayisəli formada leksik-semantik tədqiqi hər iki dilin tibbi terminologiyasının qədimliyini və zənginliyini nümayiş etdirir.