AMEA Naxçıvan Bölməsi

Gəmiqaya təsvirləri ibtidai mədəniyyətimizin nümunəsi kimi mövzusunda tədbir olub


30.08.2022 / 16:51Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə ötən həftə “Gəmiqaya təsvirləri ibtidai mədəniyyətimizin nümunəsi kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev qeyd edib ki, xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Süjet və kompozisiyası ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə həsr olunub. Gəmiqaya rəsmləri qiymətli tarixi və təsviri sənət nümunələri kimi tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verir.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlərin görüldüyünü bildirib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin 26 aprel 2001-ci il tarixli “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılıb, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılıb. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, aparılan arxeoloji tədqiqatlar nəticəsində çoxlu sayda etnoqrafik, folklor və onomastik materiallar toplanılıb. Qədim tariximizin, maddi və mənəvi mədəniyyətimizin, xalqıın etnogenez tarixinin öyrənilməsi üçün olduqca dəyərli mənbə olan Gəmiqaya rəsmlərinin tədqiqi ardıcıl olaraq davam etdirilib.
Sonda tədbir iştirakçıları mərkəzin akt zalında yaradılan kitab sərgiləri ilə tanış olublar.