Ötən ilin dekabr ayında Beynəlxalq Qarabağ Forumu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qarabağ Azadlıq Təşkilatının təşkilatçılığı ilə onlayn və əyani formatda keçirilən "Arsak: tarix və müasirlik" elmi-praktik konfransının materialları çap edilib.
Toplu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan, ingilis və rus dillərində olmaqla üç dildə nəşr olunub.
Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və İsveçrədən olan tədqiqatçıların araşdırmalarının yer aldığı topluda tarix elmi üçün aktuallıq kəsb edən “Azərbaycan dövlətçiliyinin tarixinin qədim dövrünə dair”, “Azərbaycan və Ermənistanın etnonim və toponimlərinin müharibəsi”, “Arsak simvollarında göytürk izləri”, “Tarixi toponimlərdə siyasi möhtəkirlik”, “Köhnə mövzuda yeni mahnı və ya növbəti kələk: Qarabağ erməniləri!”, “Türkiye-Azerbaycan ilişkileri, Zengezur koridoru ve Kars-Ardahan-Iğdır demiryolunun önemi”, “Alban Ərsaklar sülaləsinin mənşəyi və Qarabağın qədim əhalisi” və başqa mühüm mövzulara toxunulur.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin topluda yer alan "Qafqaz Albaniyasının Arsak əyaləti və Qarabağ" başlıqlı məqaləsində Qafqaz Albaniyasının ərazisi, əhatə etdiyi əyalətlər, buradakı hakim sülalələr, Arsak toponimin etimologiyası kimi məsələlərə diqqət çəkilir, ermənilərin heç bir əsasa söykənməyən, uydurma ərazi iddiaları tarixi mənbələrə əsaslanmaqla rədd olunur.