AMEA Naxçıvan Bölməsi

Naxçıvanın epiqrafik abidələri mövzusunda tədbir keçirilib


22.06.2022 / 00:42Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvanın epiqrafik abidələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev qeyd edib ki, qədim və orta əsrlər dövrü tarix və mədəniyyətimizin öyrənilməsində arxeoloji, etnoqrafik, numizmatik, antropoloji materiallarla yanaşı epiqrafik abidələr də mühüm önəmə malikdir. Özündə olduqca dəyərli və orijinal məlumatları hifz edən bu epiqrafik abidələr tariximizin bir sıra qaranlıq səhifələrinin aydınlanmasında müstəsna rol oynayır.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan bölgəsi tarixin ayrı-ayrı dövrlərinə aid əlifbaların həkk olunduğu epiqrafik abidələrlə zəngindir. Burada müxtəlif əlifbalarla yazılmış daş sənədlərə - kitabələrə rast gəlinsə də, əhalisi əsasən müsəlman türklərdən ibarət olan bölgədə müsəlman epiqrafikası abidələri üstünlük təşkil edir. Xüsusilə, Ordubad və Culfa rayonlarının ərazisi müsəlman epiqrafıkası abidələrinin zənginliyinə görə seçilir. Bu epiqrafik abidələrin əksəriyyətində ərəb, bir hissəsində fars, az bir qismində isə qarışıq - ərəb-fars dillərində kitabələr mövcuddur. Naxçıvan Muxtar Respublikası ərazisində günümüzədək qorunub saxlanan epiqrafik abidələr Azərbaycan tarixinin, mədəniyyətinin orta əsrlər dövrünün müxtəlif məsələləri haqqında bir çox suallara cavab verən sanballı qaynaqlardır.
Sonda tədbir iştirakçıları mərkəzin akt zalında yaradılan kitab sərgiləri ilə tanış olublar.