AMEA Naxçıvan Bölməsi

Yeni daxil olan arxeoqrafik sənədlərə yazılan ilkin elmi rəylərin müzakirəsi keçirilib


26.05.2022 / 10:53Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda yeni daxil olan arxeoqrafik sənədlərə yazılan ilkin elmi rəylərin müzakirəsi keçirilib.
Fondun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov bildirib ki, yaxın dövr ərzində fonda 246 ədəd müxtəlif məzmunlu arxeoqrafik sənəd daxil edilib. Bu sənədlərin əksəriyyəti fars, az qismi isə Azərbaycan dilindədir. Sənədlərin yazılma tarixi XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin əvvəllərinədək olan bir əsrlik dövrü əhatə edir. Naxçıvanda yazılmış və müxtəlif səlahiyyətli şəxslərin möhürü, imzası və barmaq izi ilə təsdiq edilmiş həmin sənədlər alqı-satqıya aid qəbalələr, vəsiyyətnamələr, hibənamələr (bağışlama), mülkiyyət və digər məsələlərlə bağlı şəhadətnamələr, cehiziyyə, vərəsəlik haqqında sənəd, nikah, təlaq kağızları və s. şəklində qruplaşdırılıb.
Əlyazmalar Fondunun şöbə müdirləri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və Kubra Vəliyeva adı çəkilən sənədlərlə bağlı görülən işlərin nəticələri haqqında ətraflı məlumat verərək həmin sənədlər üzərində ilkin araşdırmaların davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
Aparılan müzakirənin sonunda seminar iştirakçıları qənaət gəliblər ki, bu sənədlərin diqqətlə araşdırılması Naxçıvanşünaslığın ayrı-ayrı sahələrinə aid yeni və maraqlı faktların aşkara çıxarılmasına imkan verəcəkdir.