5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə muxtar respublikada fəaliyyət göstərən dərnəklərin üzvləri AMEA Naxçıvan Bölməsinin Nəbatat bağını ziyarət ediblər.
İyunun 2-də Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə Nəbatat bağında seminar keçirilib. Seminar biomüxtəlifliyin qorunması, yaşıllıq zonalarının artırılması və digər məsələləri əhatə edib.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev seminar iştirakçılarını Nəbatat bağı ilə tanış edib. Uşaqlarla təbiətin mühafizəsi ilə bağlı tərbiyəvi söhbət aparıb.
Nəbatat bağının növbəti qonaqları Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin müəllim və şagird kollektivi olub.
Nəbatat bağının yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verən dosent Teyyub Paşayev ekskursiyaçıları bağda becərilən bəzək və dərman əhəmiyyətli, eləcə də müxtəlif iqlim qurşaqlarına məxsus bitkilərlə, onların mənşəyi, bioloji xüsusiyyətləri ilə tanış edib. Uşaqları maraqlandıran sualları cavablandırıb.
Bu gün isə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqların AMEA Naxçıvan Bölməsinin Nəbatat bağına ekskursiyası təşkil olunub. Sosial könüllülərin iştirakı ilə baş tutan ekskursiya zamanı Teyyub Paşayev ziyarətçiləri Nəbatat bağı haqqında məlumatlandırıb, onlarla təbiətin mühafizəsi, ətraf mühitin qorunması, bitkilərə qulluq qaydaları ilə bağlı maarifləndirici söhbət aparıb.