AMEA Naxçıvan Bölməsi

Layihə iştirakçısının məqaləsi beynəlxalq elmi jurnalda nəşr olunub


26.04.2022 / 15:30Mühüm hadisələr



“Sabahın tədqiqatçıları - 2022” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin kiçik elmi işçisi Nilufər Ağayevanın rəhbərliyi ilə “44 günlük Vətən müharibəsində naxçıvanlıların rolu” mövzusunda tədqiqat aparan Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Musazadə Leylanın rəhbəri ilə birgə qələmə aldığı “Naxçıvan xüsusi təyinatlıları İkinci Qarabağ müharibəsində” adlı məqaləsi “Elmi iş” beynəlxalq elmi jurnalında nəşr olunub.
Məqalədə 2016-cı ildə baş verən Dördgünlük müharibə, 2018-cı ildə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən Günnüt əməliyyatı və 2020-ci ilin iyulun 12-də başlayan Tovuz döyüşləri İkinci Qarabağ müharibəsinə gedən yolun başlanğıcı kimi dəyərləndirilir. Həmçinin 2020-ci ilin oktyabrında verilən əmrə əsasən Naxçıvan Xüsusi təyinatlılarının Qarabağa göndərilməsi və onların “Hadrut-Füzuli-Xocavənd”, “Hadrut-Şuşa”, “Hadrut-Xankəndi” istiqamətlərində zəfər gününə kimi keçdikləri şərəfli döyüş yolundan bəhs olunur. Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərin Vətən müharibəsinin gedişində mühüm əhəmiyyəti vurğulanır. Şanlı Azərbaycan Milli Ordusunun nümayiş etdirdiyi yüksək döyüş bacarığı, xüsusi təyinatlıların, eləcə də Naxçıvandan gedən döyüşçülərin peşəkarlığı sayəsində düşmənin məğlubiyyətə uğradılması və imzalanan10 noyabr sazişindən bəhs olunur.
Tədqiqatda İkinci Qarabağ müharibəsində şəhid olmuş 2904 nəfərdən 134 nəfərinin Naxçıvanlı olması və onlardan 48 nəfərin məhz Naxçıvan Xüsusi təyinatlılarından olması faktı xüsusi olaraq qeyd olunur.