AMEA Naxçıvan Bölməsi

Gənc tədqiqatçı beynəlxalq konfransda məruzə edib


08.04.2022 / 11:36Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin kiçik elmi işçisi Aysel Eminova Yaponiyada keçirilən “Sosial böhran kontekstində elmin səviyyəsi” XI beynəlxalq elmi və praktiki konfransda iştirak edib. 6-8 aprel tarixlərində baş tutan konfransda əməkdaşımız "Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Böyükdüz və Xələc toponimlərinin semantik təhlili və forma xüsusiyyətləri" mövzusunda məruzə edib.
Məruzədə Kəngərli rayonu ərazisindəki Böyükdüz, Şərur rayonu ərazisindəki Xələc etnotoponimlərindən bəhs olunub. Toponimlər struktur-semantik və etimoloji təhlilə cəlb olunub. Böyükdüz toponiminin məhz büğdüzlərlə bağlı olaraq formalaşdığı elmi faktlarla əsaslandırılıb. Təhlillər zamanı elmi tədqiqatların nəticələri ilə yanaşı, Böyükdüz toponiminin izahı ilə bağlı fərqli yanaşmalara da yer verilib. Bu yer adı həm komonim, həm adonim, həm də oronim kimi təhlil edilib, struktur komponentlərə bölünərək təhlil olunub.
Gənc tədqiqatçı Xələc kəndi, Xələc dağı və Xələc daşı toponimlərinin formalaşmasının Oğuzların bir boyu olan xələclərlə bağlılığını diqqətə çatdırıb. Etnooykonimin mənası haqqında geniş məlumat verib.