AMEA Naxçıvan Bölməsi

Azər poeması müzakirə edilib


14.03.2022 / 16:34Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində görkəmli dramaturq Hüseyn Cavidin “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan “Azər” poemasının müzakirəsi keçirilib.
Mərkəzin elmi katibi Nihad Tarverdiyev tədbiri açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamında yer alan, Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poemalardan biri "Azər" poeması haqqında fikirlərini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov qeyd edib ki, böyük romantik şair, dramaturq Hüseyn Cavid Azərbaycan xalqının və Naxçıvan ədəbi mühitinin dünya ictimai fikir tarixinə bəxş etdiyi çoxsaylı görkəmli şəxsiyyətlər arasında xüsusi yer tutur.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileylərinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdıran alim muxtar respublikada da Hüseyn Cavid ədəbi irsinin tədqiq və təbliği istiqamətində mühüm işlərin görüldüyünü söyləyib. Bildirib ki, dramaturqun “Azər” poemasının “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilməsi böyük mütəfəkkirə olan dövlət qayğısının bariz nümunəsidir. Çıxışı zamanı natiq əsəri geniş təhlil edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mərkəzdə yaradılan kitab sərgilərinə baxış olub.