AMEA Naxçıvan Bölməsi

Hökmdar əsəri müzakirə edilib


11.03.2022 / 15:54Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan Nikolo Makiavellinin “Hökmdar” əsərinin müzakirəsi keçirilib.
İnstitutun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının gənclərdə mütaliə vərdişlərinin formalaşdırılmasında daşıdığı önəmdən söz açıb. Əsərlə bağlı fikir və düşüncələrini müzakirə iştirakçılarına çatdırıb.
Bioresurslar İnstitutunun elmi işçisi Qədir Məmmədov müzakirədə “Yüksək bəşəri ideyaları təlqin edən əsər” mövzusunda məruzə edib. O, əsər haqqında ətraflı məlumat verib, müəllifin baxışlarının məcmusu-“Makiavellizm” termini, kitabda qeyd olunan Şərq və Qərb dövlət idarəçiliyinin nümunəsində hakimiyyətlərin idarə olunması haqqında fikirləri şərh edib. Məruzəçi həmçinin N.Makiavellinin kimliyi ilə bağlı təhlillər aparıb.
İnstitutun gənc əməkdaşlarından Səkinə Baxşəliyeva, Aytac Quluzadə müzakirədə çıxış edərək kitabda yer alan mövzulardan bəhs edib, əsərin gənc oxucu təxəyyülünə göstərdiyi təsirdən danışıblar.
Dosentlər Akif Bayramov, Pərviz Fətullayev və aqrar elmlər üzrə fəlsəfə doktoru Cabbar Nəcəfov çıxışlarında kitab barədə öz fikirlərini bölüşüblər.