AMEA Naxçıvan Bölməsi

Hamiliyə götürülmüş tələbələr orijinal mətnlər üzərində işləyiblər


01.03.2022 / 15:45Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin xarici dillər fakültəsinin Tərcümə (Fars-Azərbaycan, Ərəb-Azərbaycan) ixtisası üzrə II kurs tələbələri ilə AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda tərcümə mətnləri üzərində iş aparılıb.
Tərcümə işləri fondda mühafizə olunan Bəhaəddin Məhəmməd ibn-Hüseyn Amilinin “Kitabul-xülasətul-hesab” (farsca, ərəbcə), Ağamirzə Məhəmmədəlinin “Əl-Kitəbul-Haşiyə” (ərəbcə), Rzaqulu xan Hidayətin “Rövzətüs-səfa” (VI-X cildlər) (farsca) və xalq yaradıcılığına aid “İskəndərnamə” (farsca) əsərlərindən seçilmiş mətnlər üzərində aparılıb.
Fondun əməkdaşlarından şöbə müdiri Fəxrəddin Eylazov adı çəkilən müəlliflər və onların əsərləri haqqında tələbələrə ətraflı məlumat verib, elmi işçi Kubra Vəliyeva isə tələbələrin tərcümə etdiyi mətnlərlə bağlı öz fikir və mülahizələrini bildirib, onlara bəzi tövsiyələr verib.
Sonda tələbələrin mövzu ilə bağlı suallarına aydınlıq gətirilib.