AMEA Naxçıvan Bölməsi

Şərur rayon məktəbliləri ilə görüş keçirilib


23.02.2022 / 14:48Mühüm hadisələr



Fevralın 23-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnistutunun  baş direktoru, AMEA-nın müxbir üzvi, professor Tofiq  Əliyevin Şərur  rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşü keçirilib.

Şərur şəhər 3 №-li tam orta məktəbdə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Mətanət Əliyeva bildirib ki, görüşün keçirilməsində məqsəd alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, eləcə də məktəblilərin еlmə olan marağının аrtırılmаsıdır.

Tədbirdə çıxış edən Tofiq  Əliyev muxtar respublikanın təbii ehtiyatları haqqında  şagirdlərə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, Naxçıvan təbii sərvətlər ilə yanaşı, zəngin mineral sərvətlər malik diyardır. Muxtar respublikanın füsunkar təbiəti və cazibədar gözəlliyi əsrarəngiz dağ landşaftları və Araz çökəkliyi ilə səciyyələnir və çoxsaylı faydalı qazıntıları ilə seçilir. Mineral xammal ehtiyatlarının ümumi balansında qeyri-filiz faydalı qazıntılar və tikinti materialları mühüm yer tutur. Bu baxımdan Naxçıvan filiz, qeyri-filiz, inşaat materialları yataqlarına, müxtəlif tərkibli mineral suların çoxsaylı mənbələrinə və başqa mühüm ehtiyatlara malikdir. Regionun təkcə mineral xammal bazası 41 müxtəlif faydalı qazıntı yataqlarının sənaye ehtiyatlarını özündə birləşdirir. Bunlardan Gümüşlü, Ağdərə, Başkənd, Gilançay, Ləkətağ polimetallik, Parağaçay, Qapıcıq molibden, Duzdağ, Sust, Nehrəm daş duz, Unus mis, molibden, Şərur və Şahbuz rayonlarının ərazisi mərmərləşmiş əhəngdaşı, Şahtaxtı, Qarabağlar travertin, Nehrəm, Gülüstan dolonit, Darıdağ antimonit, kinovar, realqar, Nəsirvaz molibden – qurğuşun ehtiyatlarına malikdir. Aparılan geoloji kəşfiyyat işləri Ordubad və Şahbuz rayonlarında qızıl yataqlarının və çoxsaylı təzahürlərinin olduğunu göstərir. 

Şagirdlər öyrəniblər ki, Ordubad və Şahbuz rayonlarındakı zəngin seolit ehtiyatları neft-kimya proseslərində katalizator kimi, sutəmizləyici qurğularda süzgəc kimi, rezin, plastik kütlə, kağız, aşqar sement istehsalı və mineral-polimer materialların istehsalında doldurucu kimi yararlıdır.

Muxtar respublikanın ən qiymətli mineral sərvəti kimi daşduzu misal göstərən alim bildirib ki, hələ qədim zamanlarda Naxçıvan daşduzu Qafqazı, Orta Asiyanı təmin etməklə yanaşı, karvanlarla Çinə, Yaponiyaya qədər aparılırmış. Professor muxtar respublika ərazisisində olan digər təbii sərvətlər haqqında da şagirdlərə geniş məlumat verib, onları maraqlandıran suallar cavablandırıb.