AMEA Naxçıvan Bölməsi

NDU-nun tələbələri Naxçıvan Bölməsində təcrübə keçəcək


21.02.2022 / 14:40Mühüm hadisələr



AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universitetinin əyani şöbəsinin 2021-2022-ci tədris ilinin ikinci semestri üzrə təcrübə keçən “Fizika”, “Biologiya”, “Tarix”, “Tərcümə (Ərəb-Azərbaycan dilləri)” və “Tərcümə (Fars-Azərbaycan dilləri)” ixtisaslarının IV kurs tələbələri və magistrlərin iştirakı ilə yığıncaq olub.
Tədbirdə çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev təcrübə müddətində tələbələrin nəzəri və praktiki biliklərini artırmaq üçün nəzərdə tutulan təcrübə planından, gənclərin diqqət yetirməli olduğu məsələlərdən bəhs edib, elmi potensiallarını artırmaları ilə əlaqədar onlara məsləhət və tövsiyələrini verib.
Bölmədə elmə marağı olan yüksəkixtisaslı kadrlara təlabat olduğunu söyləyən akademik qeyd edib ki, təcrübə müddətində tələbələr elm mühitini daha yaxşı qavraya və gələcəkdə həmin elmi-tədqiqat müəssisələrində elmi fəaliyyətlərini davam etdirə bilərlər.
Daha sonra bölmənin Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov, Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı, professor Etibar Məmmədov və universitetin müəllimi Ceyhun Əliyev çıxış ediblər.